Musiqili Teatrın “999-cu gecə”si

Musiqili Teatrın “999-cu gecə”si
802 dəfə oxunub
  • A-
  • A
  • A+
21 və 22 oktyabr tarixlərində saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında SSRİ xalq artisti Fikrət Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşası nümayiş olunacaq.

Qurumun mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, səhnə əsərinin budəfəki nümayişlərinin xüsusi özəlliyi Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejadla bağlıdır. Belə ki, Saqinejad növbəti dəfə məhz bu tamaşada Musiqili Teatrın səhnəsinə çıxacaq. O, tamaşada Şah obrazını canlandıracaq.

Buna qədər isə C. Saqinejad Musiqili Teatrla Təbriz Teatrının birgə hazırladığı Beynəlxalq layihə olan “Bəxtəvər” komediyasında tamaşaçıların qarşısına çıxıb.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədovadır. Səhnə əsərində rolları Camal Saqinejadla yanaşı, teatrın gənc aktyorları Nicat Əli, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov və Fərid Rzayev ifa edəcəklər.