"Gənclərdən düzgün istifadə etmək lazımdır" - Ramiz Novruz

"Gənclərdən düzgün istifadə etmək lazımdır" - Ramiz Novruz
927 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Ramiz Novruz Milli.Az-a müsahibə verib.

Axşam.az müsahibəni təqdim edir:

- Ramiz bəy, teatrda oynayırsınız, film və seriallarda çəkilirsiniz. Hansı daha çox ruhunuzu oxşayır?

- Teatr digər sadaladığınız sahələrin başlanğıcıdır. Təbii ki, bu baxımdan teatr mənim üçün birincidir. Seriallar, filmlər də vacibdir. Çünki teatrda işləyən aktyor film və seriallara dəvət alanda hiss edir ki, mən yalnız teatrda yox, kənarda da lazımam.

- Bu sferadakı insanlarla dostluq edirsiniz?

- Siz bu sualı mənə verdiniz, "7 oğul istərəm" filmindəki Cəlalın sözləri yadıma düşdü: "Ürəyimi nişan al, Kələntər dayı" (gülür). Gözəl, sənətinə və özünə hörmət etdiyim insanlar var, amma bu gün konkret deyə bilmərəm ki, sənətdə dostum var. Bu sənətin mayasında nəsə var ki, şöhrət azarı insanları çox şeyə vadar edir. Bu azar imkan vermir ki, bu sahədə səmimi dost olasan.

- Müasir dövrlə ayaqlaşa bilirsiniz?

- Mənə elə gəlir ki, hə. Bizdə uşaqlar var, onlara deyirəm ki, mənim yanımda siz qoca kişi kimi düşünürsünüz. Bəzən də qocaman aktyorlar deyir ki, bizim vaxtımızda filan aktyorlar var idi, filankəslər var idi. Bu kimi fikirlər bütün dövrlərdə olub. Bizim bugünkü gündə də çox parlaq, istedadlı aktyorlarımız var. O vaxtı çəkildiyim
"Pərvanələrin rəqsi" serialından bir çox gənc aktyor, aktrisalar parlayıb ortalığa çıxdı. Həmçinin də "Vicdan haqqı" serialından. O gəncləri kim tanıyırdı ki? Deməli, gənclərdən düzgün istifadə etmək lazımdır.

- Bugünkü yerinizdən ümumilikdə razısınız?

- Deyirlər ki, aktyor qəlbi oynanmamış obrazların qəbiristanlığıdır. Bəzən gənc yaşlarında hansısa obrazları oynamağı arzulayırsan, amma alınmır. Elə indinin özündə də oynamaq istədiyim obrazlar var. Biz ümumi teatr atmosferi yarada bilmirik. Bizim nəsil də, bizdən əvvəlki nəsil də bu sənəti elm səviyyəsinə gətirib çatdıra bilməmişik. Həmin o atmosfer olsa, onda mən deyərəm ki, teatrımız üçün nəsə etdik, arzuladığım o səviyyəyə gəlib çata bildim.

- Adətən tamaşalara necə hazırlaşırsız?

- Əgər bu gün məndə tamaşa varsa, o günə ikinci bir iş salmıram. Həmin gün sırf tamaşa ilə məşğul oluram. Əgər fikrim tamaşada yox, digər əlavə işlərdə qalsa, o tamaşa yaxşı alınmayacaq. Sözlərimə baxıram, mizanları yada salıram.