Son günlər adı müştəriləri ilə qalmaqaldan düşməyən kosmetoloq Elnarə Rzayevadan daha bir şikayət var. 

Axşam.az-a şikayət məktubu göndərən Sevda Nəcəfova adlı xanım kosmetoloqla aralarında yaşanan söz-söhbətdən bəhs edib. Sevda bildirib ki, Elnarə Rzayeva ondan intiqam almaq üçün sosial şəbəkədə fotosunu paylaşıb və ölüm xəbərini yayıb:

“Kosmetoloq Elnarə Rzayeva məni metroda şortik geyindiyi üçün tənqid edilən qız kimi təqdim edərək, ölüm xəbərimi yayıb. Halbuki mənim həmin qıza heç bir aidiyyatım yoxdur. Elnarə Rzayeva problem yaşadığı hər kəsin şəklini paylaşaraq, bu cür təhqiramiz və yalan məlumatlar yayır. Videosu yayılan şortikli qızla heç bir oxşarlığım olmasa da, Elnarə Rzayeva mənim məhz həmin qız olduğum xəbərini yayıb. Üstəlik həmin videodan sonra intihar etdiyimi bildirib. Fotoma diqqətlə baxsanız, görərsiniz ki, mən o qız deyiləm.

O, bundan əvvəl də şəklimi paylaşaraq, təhqiredici sözlər yazıb. Bütün bunları polisə təqdim etmişəm. Ümumiyyətlə, Elnarə Rzayeva ondan şikayətçi olan, klinikasından narazı qalan hər kəsin fotosunu İnstaqram səhifəsində paylaşıb, təhqiredici və yalan məlumatlar yazır. Onun İnstaqram səhifəsi belə xanım fotoları və yalan məlumatlarla doludur. Hətta ondan narazı qalan xanımların şəxsi məlumatlarını, telefon nömrələrini də yayır".

Sevda Nəcəfova kosmetoloqla aralarında yaşanan narazıçılığın da səbəbini açıqlayıb:

"Elnarə Rzayeva ilə əməkdaşlığımız olub, ona məhsul vermişəm, əvəzində işimi öz səhifəsində reklam edib. Sonuncu reklamı isə qoymaq istəmədi. Hətta ona pul da verdim. Nə pulumu qaytardı, nə də işimi gördü. Ödənişi geri istəyəndə, məni təhqir etdi. Daha sonra isə onun zərər vurduğu müştəriləri gördüm. Saytlarda çıxan xəbərləri səhifəmdə paylaşırdım. O da məni şantaj edib intiqam alacağını deyirdi. Sonra başladı şəkillərimi öz səhifəsində paylaşıb bu cür sözlər yazmağa".

Qeyd edək ki, E.Rzayeva son günlər müştərilərinə vurduğu ziyanla gündəmə gəlib. O, dodağa vurulan sintetik dolğunu dərmanla əridəcəyini deyərək, müştərilərin dodaqlarını yandırıb.

 
 
 
 
 
 
 
 


                   

Digər Xəbərlər