"Həyatımda çox peşmanlıqlar yaşamışam. Amma bu peşmanlıqlardan sonra o qədər gözəl məmnunluq gəlib ki, o peşmanlığı arxada qoyub. Nə olursa-olsun hər məqamda qınaq özümə olub. Axı görürdüm ki, bu adam məni arxadan vura bilər".

Axşam.az xəbər verir ki, bu sözləri əməkdar artist Kəmalə Müzəffər Milli.Az-a müsahibəsi zamanı deyib.

Aktrisa "Doğmanız üçün nə vaxt ögeyləşə bilərsiniz" sualına belə cavab verib:

-Heç bir məqam məni ögeyləşdirə bilməz, həyatımda da belə bir an olmayıb. Mən düşməni də dosta çevirə bilərəm.

- Düşməni dosta çevirmək üçün nələr etmək lazımdır?

- Hər zaman onun yanında olmaq və ona tərəf getmək lazımdır.

- Kəmalə xanım, artıq "Ögey ana" serialının çəkilişləri bitib. İstədiyiniz hədəfə vura bildinizmi?

- Bəli, vurdum.

- Hansı idi o hədəf?

- Ən böyük hədəfim o idi ki, insanlara mesaj verim ki, ana anadır. Hətta ögey analar belə öz mesajlarını alsınlar ki, onlar doğmadan artıq olurlar.

- Bəs real həyatda necə, inanırsınızmı ögey doğmanın yerini versin?

- Əlbəttə, inanıram. Həyat yaxşı insanların üstündə qurulub. Bütün dünya, bəşəriyyət də. Başqa cür ola bilməz.

- Obrazınız Sevinc çox dözümlü idi. Real həyatda bəs necə, Kəmalə Müzəffər dözümlüdür?

- 10 ay ərzində bu obraz məni bir çox keyfiyyətləri ilə tərbiyələndirdi. Sanki mən bu 10 ay ərzində Sevincə döndüm.

- Sevinc obrazının sizin karyeranızda yeri hansı pillədədir?

- Çox böyük yeri var. Mənim kiçik tamaşaçılarım var, hərdən yolla gedəndə 5-6 uşaq arxamca düşüb, "ögey ana" deyə qışqırırlar. Mən inanıram ki, onlar böyüyənə qədər yaddaşlarında yaxşı ögey ana kimi qalacağam.

- Aktyor heyəti ilə münasibətiniz necədir?

- Çox gözəl. Sayğı və hörmət var idi aramızda. Başqa cür ola da bilməzdi. Yoxsa insan işindən tez bezər. Hər gün durub, böyük məmnuniyyətlə, çəkiliş meydançasına gedə bilməz. Mən bizim çəkiliş meydançasında olan gənclərin işlərini görüb o qədər sevinirəm ki. Azərbaycan teatr və kinosu çox gözəl əllərdədir.

- Serialda çəkilirdiniz, həm də festivallara da gedirdiniz. Bunları necə çatdırırdınız?

- İnanın bəzən çəkilişdən gecə saat 1-2 arası evə gedirdim, deyirdim ki, bir gün məni səhər tezdən telefonun zəngi oyatmasın. 5 tanınmış festivalda oldum. Bunlar məni yormurdu, çünki teatrla bağlı idi. Bu festivallardan birində "Ən yaxşı aktrisa" mükafatını gətirdim Azərbaycana.

- Sevginin varlığına inanırsınız?

- Yarpağın belə enerjisinə inanıram. Hətta sözün enerjisinə də inanıram. Çünki  nahaqqına dediyin söz dolaşıb-dolaşıb sənə qayıdacaq.



                   

Digər Xəbərlər