"Poeziya şahzadəsi" Sapfo - Ehtiras əsiri

"Poeziya şahzadəsi" Sapfo -  Ehtiras əsiri
1567 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az xarici KİV-ə istinadən tarixin məşhur simalarından olan şairə Sapfo haqqında maraqlı faktlar təqdim edir:

Sapfonun vətəni


Qədim Yunanıstanın tərkibində məşhur bir ada vardı. Adanın adı müasir dövrdə bir qədər qəribə səslənsə də o vaxt üçün çox adi idi: Lesbos. Bu ada qadınlarının gözəlliyi ilə məşhur idi. Homer «İliada»da Lesbosun qızlarını tərif edərkən «gün tək işıqlı lesbiyalılar» yazmışdı. Şah Aqamemnon Axillesin ürəyini ələ almaq üçün ona 7 lesbiyalı əsir
qız göndərmişdi.

Lesboslu qadınlar

Afinada adət-ənənəyə görə, qadınlar üzərində ciddi nəzarət vardı. Onların demək olar ki, heç bir hüququ yox idi. Qızları doğulandan 7 yaşına kimi xarici aləmdən təcrid edib, ancaq evdə saxlayardılar. Onlar ancaq ev işləri və tikiş öyrənərdilər. Yeniyetmə ikən ailə quran yunanlı qadınlar ümumiyyətlə, küçəyə çıxmaz, yalnız əlahəzrət ərlərinin icazəsini gözləyərdilər. Elə bu səbəbdən yunan qadınları zəif, ağarmış bənizli, gözlərinin içi sarı, qamətləri əyilmiş olurdu.

Solğun yanaqlarını süni rənglərlə qızardan qadınlar təbii ki, kişilər üçün az cazibədar idi. Amma Lesbosda vəziyyət tam əksinə idi. Orada hesab edirdilər ki, qadınlar kişi kimi qüvvətli olub, rahat və asan doğuşla dünyaya sağlam uşaqlar gətirməlidirlər. Bunun üçün qız uşaqları körpəlikdən günəş işığı altında çox olar, təbiət qoynunda oğlanlarla birgə oynayar, müxtəlif idman növləri ilə məşğul olardılar. Adada insan bədəninin gözəlliyinin xüsusi qiyməti var idi.

Burada tez-tez «Kallisten» adlı gözəllik yarışmaları keçirilər, qızlar və oğlanlar heç nədən çəkinmədən çılpaq şəkildə çıxıb, birincilik uğrunda mübarizə aparardılar.

Divanə şairə

Sapfo Lesbos adasının Eros şəhərində 42-ci Olimpiada ilində, yəni eramızdan əvvəl 612-ci ildə anadan olub. Atası Skamandronimom – ziyalı aristokrat idi, ticarətlə məşğul olurdu. Sapfonun 3 qardaşı vardı. 6 yaşında ikən Sapfo
ata-anasını itirib, yetim qaldı. Qardaşları ilə birgə müstəqil həyat sürən Sapfo siyasi və ictimai işlərdə fəal iştirak edirdi. O, «Geter məktəbində» tərbiyə alaraq, uşaqlıqdan ədəbiyyat, musiqi və fəlsəfə ilə məşğul olurdu. Elə həmin vaxtlardan o, odalar, toy nəğmələri yazırdı. E.ə. 595-ci ildə adada baş verən siyasi dəyişikliklər nəticəsində aristokrat ailələrinə təzyiqlər başlandı. 16 yaşlı Sapfo qardaşları ilə birgə məcburən Siciliya adasına qaçır. Doğma vətənə o, 15 ildən sonra, 30 yaşı olanda qayıda bilir və Mitilen şəhərində məskunlaşır. Elə buna görə də onu «Mitilenli Sapfo» deyə çağırırlar.



Tarixdə Sapfo adlı digər məşhur yunan qadını da olub. Amma o, Eressli Sapfo kurtizanka idi və şairə Sapfodan xeyli sonrakı dövrdə yaşamışdı. Sapfo ruhən nə qədər saf və istedadlı olsa da, təbiət ondan qadın gözəlliyini əsirgəmişdi.
Rəvayətə görə, o, ortaboylu, qaraşın, saçları buruq, iri gözləri çox parlaq olan bir qadın idi. Sapfo özü haqqında deyirdi: «Əgər təbiət qəddarcasına məndən gözəlliyi əsirgəyibsə də, bu itkini mən ağlımla əvəz edəjəyəm. Mən boyca balacayam, amma mənim adım bütün ölkəni bürüyəcək».

Deyilənlərə görə, poeziya axşamlarında məclis qurub, düz mərkəzdə lira çalıb, şeir oxuyan Sapfonun siması heyrətamiz dərəcədə gözəl bir nura boyanırdı və məclisdə olan bütün kişilərin və qadınların ağlını başından alırdı.
Siciliyadan qayıdan Sapfoya evlənmək istəyənlər çox idi. Platonun diliylə desək, «Onuncu muza» sevgiyə həyatının mənası kimi yanaşırdı. O, «tiranların düşməni» adını almış şair Alkeyə rəğbət bəsləyirdi. Amma Alkey Sapfonun qarşısına çıxıb, açıq-aşkar sevgisini etiraf etməyə cəsarət tapmadı. Şübhəsiz ki, onlar sevgili idilər, amma bu yaxınlığın nə dərəjədə ciddi olması sual altındadır. Çünki Sapfo qəflətən, başqa bir adama ərə getdi. Onun əri Kerkil də tacir idi. Sapfonun Kleyis adlı bir qızı da doğulur. Lakin bu ailənin xoşbəxtliyi uzun sürməyib. Məlum olmayan səbəblər üzündən Sapfonun əri və qızı tezliklə dünyasını dəyişib.

Qadın gözəlliyinin vurğunu

Tezliklə Sapfo Mitilendə «Muzalar evi» adlı qızlar məktəbi açır. Ritorika və poeziya məbədində gənc və gözəl şagirdlərinə nəğmə, lira çalmaq, rəqs və şeir yazmaq öyrədirdi. O, tənha qəlbini və ehtirasdan alışıb-yanan bədənini elə qadınlarla ovutmağa çalışırdı. Lesbos qızlarının gözəlliyi, cazibəsi, hissləri, sözsüz tabe olmaları Sapfonu yaşamağa ruhlandırırdı. Şagirdlərindən heç kim onun qədər məşhur ola bilmədi, amma bəziləri onun rəğbətini qazanmaqla şöhrət tapmağı bacardılar.

«Məhəbbət məni içəridən didib parçalayır. Şirin ehtiras ilan kimi məni sarır, onu boğmağı bacarmıram». Bu misralar Attida adlı qıza həsr olunmuşdu. Çox güman ki, Sapfonun ona xüsusi münasibəti vardı və o, hətta bu qızı digər qızlara qısqanırdı. Attida isə öz həmyaşıdı olan Andromeda adlı qıza meyilli idi. Sapfo yazırdı: «Ola bilməz, qüdrətli Afrodita məni eşitməsin. Attida pis geyinmiş, incəlikdən və yeriş sənətindən xəbəri olmayan o qızı seçdi?».

Bir sevginin tarixi

Divanə şairə Qadın gözəlliyinin vurğunu Sapfonun «Mənim məşuqəmə» adlı bir əsəri vardı. Onun kimə həsr
olunmasının tarixi də çox maraqlıdır. Sapfonun doğma qardaşı Xaraks şərab ticarəti ilə məşğul olur və tez-tez
Misirə gedirdi. Bir dəfə o, Misirdə Rodopa adlı çox gözəl bir kurtizankaya vurulur və onu böyük məbləğə əvvəlki sahibindən alıb, özü ilə gətirir. Lesbosa gələn Rodopaya hamı heyran olur. Sapfo isə dəlicəsinə ona vurulur. Elə buna görə qardaşla bacı arasında münaqişə və dava-dalaş başlayır. Rodopa Lesbos adasının qızları kimi qadın məhəbbətinə cavab verməyi özünə sığışdırmırdı və bununla Sapfonu özündən çıxarırdı. Öz evində dinclik tapa bilməyəcəyini görən Xaraks arvadını da götürüb Lesbosdan çıxır və Misirə gedir. Bu hadisənin sonu nə Sapfo, nə də
Xaraks üçün uğurla bitmədi. Nil çayından qayıqla keçən Rodopanın səndəli suya düşür. Səndəli firon qayığındakılar tapır və firon Amazis bu incə və kiçik ayağın sahibəsini tapmağı əmr edir. Nilin sahilinə yan almış bütün qayıqlar axtarılır və Rodopa firon sarayına aparılır. Xaraks kor-peşman, əliboş yenə Lesbosa qayıdır.

Sapfonun ölümü

Sapfo e.ə.572-ci ildə intihar edərək öldü. Onu bir kişinin eşqi ölümə sürüklədi. Rəvayətə görə, Sapfo gənc yunanlı, yükdaşıyan Faona vurulmuşdu. Amma Faon onun məhəbbətinə cavab vermədi və Sapfo özünü Levkads qayalığından Egey dənizinə atmaqla bu cavabsız sevgidən əbədi xilas oldu.



Sapfik şeirlərin mahiyyəti

Sapfo lirikasının əsasında-məhəbbət, ehtiras, qadın gözəlliyi və hisslər bütün çılpaqlığı ilə durur. «Şairlər şahzadəsi»-nin odaları, himnlərı, elegiyaları, bayram və toy mahnıları dünya ədəbiyyatına «sapfik nümunələr» adı altında daxil oldu.

«Mən sevirdim. Başımı itirmişdim, tənha ocağıma sevgini çağırdım. Amma Allahlar məni görməməzliyə vurdu. Mən ehtirasın dilində danışırdım, amma Kiprid məni oxlarla yaraladı. Qoy, mənim adımı ləkələsinlər, çünki mən qəlbimi
hisslərin dənizinə atmışam. Mən qorxmuram, çünki həyatın ən ilahi sirrini tapdım. Mənim kölgəm ehtirasın əsiri, mənim gözlərim ilahi məhəbbətin işığından kor olub».

Sapfo və tarix

Sapfo qadına rəğbət bəsləyən, qadın gözəlliyini bütün çılpaqlığı ilə əks etdirən və qadınlara qarşı məhəbbəti olan bir şairə kimi tarixdə qaldı. Onun sayəsində qədim Lesbos adası və lesboslu qadınlar da bu günə qədər unudulmadı. Əslində, Sapfo özündən heç bir qayda-qanun çıxartmamışdı. Sapfo sadəcə, zəmanəsinin qadını idi. Sapfo həm kişiləri, həm qadınları eyni dərəcədə sevə bilirdi. O, özünü məhəbbətə təslim etmişdi.