"Qadını aldadıblar ki, səni sevgilinlə barışdıracağıq" - prokuror

"Qadını aldadıblar ki, səni sevgilinlə barışdıracağıq" - prokuror
3205 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Nərimanov Rayon Məhkəməsində teleaparıcı İlham Mirzəyevin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mirzəyevin vəkilləri prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıblar. Vəkil İkram Abdullayev bildirib ki, zərərçəkən Aynur Əhmədova və digərlərinin ailə sirlərinin də yer aldığı İttiham Aktı bu yaxınlarda mətbuatda  dərc olundu, bu isə Cinayət materiallarının qanunsuz olaraq yayımlanması deməkdir:

“Reytinq xətrinə, diqqəti çəkmək üçün mətbuatda İlham Mirzəyev barəsində uydurma, yalan məlumatlar verilib. Onun tanınmış şəxs, ziyalı olmasını nəzərə alaraq məhkəmə baxışının qapalı keçirilməsini xahiş edirik. Çünki mətbuatda İ.Mirzəyev barəsində yazılan xəbərlər həm də məhkəməyə təsir formasıdır. İntim suallar verilə bilər, bu səbəbdən qapalı keçirilməsi məqsədəuyğundur”.

Vəkil Xanlar Bayramov isə İ.Mirzəyevin əməlində qəsdən özgəsinin əmlakını ələ keçirmək niyyətinin olmadığını əsas gətirərək cinayət işinə xitam verilməsini istəyib.

Vəkil İ.Abdullayev əlavə edib ki, zərərçəkən Aynur Əhmədova və digər zərərçəkənin oğlu “İlhamMed” klinikasına müalicə kursu keçiblər. Əgər müalicə başa çatmayıb yaxud effektini verməyibsə, bu hələ dələduzluq demək deyil.

Dövlət ittihamçı məhkəmənin ehtimallara əsaslanmadığını və müalicə kurslarının bir gün deyil uzun müddətli olduğunu qeyd edib. Bu səbəbdən İ.Mirzəyevin əməlində dələduzluq faktının olduğunu bildirib:
 
“Qadını aldadıblar ki, müalicə effektini verəcək, səni sevgilinlə barışdıracağıq. Axı burda hansı müalicədən söhbət gedə bilər. İlham Mirzəyev onları necə barışdıra bilərdi?”.

Prosesdə iştirak edən zərərçəkənlər dəyən ziyanın ödənildiyini bildirərək  cinayət işinə xitam verilməsini istəyiblər.

Hakim vəsatəti təmin etməyib.