Qəbələdəki beynəlxalq festival başa çatıb - fotolar

Qəbələdəki beynəlxalq festival başa çatıb -  fotolar
958 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti olub.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, bu festival ölkəmizdə əsl musiqi bayramına, Qəbələ isə bir neçə gün ərzində dünyanın musiqi paytaxtına çevrilib.

Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan Qəbələ VII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti də anşlaqla keçib. Nazir və Milli Məclis deputatlarının, xarici ölkələrin ölkəmizdəki səfirlərinin, dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi festivalın bağlanış mərasimində Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri, “Şöhrət” ordenli Fəttah Heydərov çıxış edərək Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil edilən Qəbələ VII Beynəlxalq Musiqi Festivalının ölkəmizin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Fəttah Heydərov festivalın təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib, festivalın böyük əks səda doğurduğunu qeyd edib. Milli Məclisin deputatı onu da bildirib ki, bütün bunlar ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində apardığı ardıcıl siyasət nəticəsində mümkün olub. Festival yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Fəttah Heydərov bu festivalın tezliklə Qarabağda, Şuşada qeyd olunmasını arzulayıb.

Festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli çıxışında diqqətə çatdırıb ki, festival Heydər Əliyev Fondunun yaxından köməkliyi sayəsində reallaşıb. Fərhad Bədəlbəyli Fondun prezidenti Mehriban xanım Əliyevaya festival iştirakçıları adından təşəkkürünü bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir.

Sonda “Moskva Virtuozları” Kamera Orkestrinin direktoru Qriqori Kovalevski çıxış edərək Azərbaycan xalqını bu musiqi bayramının uğurla başa çatması münasibətilə təbrik edib.

Çıxışlardan sonra festivalın yekun konserti başlayıb. Səhnə “Moskva Virtuozları” Kamera Orkestrinin ixtiyarına verilib. Tanınmış dirijor Pol Mayerin rəhbərliyi ilə keçən konsertdə “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin dirijoru, “Grammy” mükafatı laureatı violonçel ifaçısı, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski (ABŞ-Rusiya), festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli (fortepiano) və Rusiyanın tanınmış musiqiçisi Sergey Nakaryakov (truba) da çıxış edib. Ansambl yüksək sənətkarlıq, fərdi ifa üslubu nümayiş etdirib və tamaşaçılara əvəzsiz təəssüratlar bəxş edib. Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən ansamblın konsertində V.A.Motsartın, F.Əmirovun, V.Mustafazadənin, A.Pyazzollanın, J.Arbanın əsərləri səsləndirilib.