ANS-in məhkəməsində mübahisə düşüb

ANS-in məhkəməsində mübahisə düşüb
1908 dəfə oxunub
  • A-
  • A
  • A+
 Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinə qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Axşam.az-ın məlumatına görə, "Report"un məhkəmə prosesində iştirak edən əməkdaşı xəbər verir ki, hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçirilən iclasda ANS-in nümayəndəsi Muxtar Mustafayev çıxış edib. O bildirib ki, ANS TV çəkdiyi "Abşeron" adlı televiziya serialını 5 noyabr 2015-ci il tarixində MTRŞ-ya təqdim edib.

MTRŞ-nın nümayəndəsi isə ANS TV-nin Şuraya başqa adda bir televiziya serialı təqdim etdiyini bildirib: "ANS TV-yə 160 min manat vəsait 1 800 dəqiqə davam edəcək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılıb. Lakin ANS TV saxtakarlıq edərək MTRŞ-ya "Sevgi naminə" adlı serial təqdim edib".

Prosesdə tərəflər arasında mübahisə düşüb.

ANS-in nümayəndəsi məhkəmədən vaxt istəyib. Növbəti proses dekabrın 9-na təyin edilib.

Qeyd edək ki, MTRŞ televiziya kanalından serial çəkilişi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edir.