"Vaxt gələcək, Flora Kərimova ona baxıb fəxr edəcək"

"Vaxt gələcək, Flora Kərimova ona baxıb fəxr edəcək"
6759 dəfə oxunub
  • A-
  • A
  • A+
“Vaxt gələcək və Röya sənətin elə bir zirvəsinə çıxacaq ki, Flora Kərimova ona baxıb fəxr edəcək”.

Axşam.az-ın məlumatına görə, bunu aznews.az-a açıqlamasında əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli F.Kərimovanın “Röya heç zaman böyük mənada sənətkar ola bilməyəcək” ittihamına münasibət bildirərkən deyib. N.Mirməmmədlinin bildirib ki, Röyanın səsi kimi mahnıları da gözəldir:
 
“Mən Röyanın sənətinə, gələcəyinə arxayınam ki, onunla işləyirəm. Çox sevinirəm ki, Röyanın görünməsində o musiqilərin bir təsiri olub. Amma ifaçı sənətkar olmasaydı mən nə qədər gözəl mahnı yazsaydım da mənasız idi, Röya görünməyəcəydi. Röyanın sənətkar olduğunu zaman göstərəcək. Hələki yaşıdlarının içində sürətlə irəliləyən Röya olub. O, sənətkar adına layiq olacaq”.

N.Mirməmmədlinin fikrincə, Röya özünü tək onun deyil, başqa bəstəkarların da mahnılarında sınayıb: “Ən çətin texnikaları olan mahnılardan ibarət konsert verdi. Kim tutduğu zirvədə qalacaq, ya qalmayacaq bunu zaman deyəcək. Röya zəhmətkeşdir, mənim onun gələcəyinə ümüdim var”.

Bəstəkar Röyanın ifasında olan mahnıların obraz baxımından bir-birindən tamamilə fərqləndiyini deyib:

“Ona yazdığım bütün mahnılar fərqli-fərqli obrazlardır. Lirik mahnılardan söhbət gedirsə, hamısında hüzn var. Ancaq müxtəlif çalarlı musiqilərdir. Röyanın ifasında olan bütün musiqilər onun səsinə uyğun yazılıb. Ola bilsin, Flora xanımı onun tembri çaşdırır. Röyanın tembri fərqlidir. Mən Röyanın səsinin rənginə uyğun müğənni tanımıram. Bu xanım deyib ki, Röyanın səs diapozonu çox balacadır. Xeyr, elə deyil”.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova Əməkdar artist Röyanı ağır ittiham edib. O, “ATV maqazin onlarla” verilişində bildirib ki, Röya illərlə gündəmdə ola bilər, amma heç vaxt böyük mənada sənətkar ola bilməz.