"Dillə ifadə ediləcək hisslər deyil. Bizə bunu yaşadanlar sağ olsun. Biz bir-birimizi sevdik, bir-birimizə yardım etdik. Cəbhə bölgəsində bir zabit olaraq hər şeyi gördüm. Xalqın hədsiz güclü dəstəyinin şahidi oldum. Heç bir əskiyimiz olmurdu. Paltar, qida nə qədər göndərirdilər. Deyirdik, gətirməyin çoxdur".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov "MTV Azərbaycan"da qonaq olarkən deyib. İkinci Qarabağ müharibəsi başlayandan cəbhəyə yollanan sənətçi orada yaşadıqlarından söz açıb:

"Könüllü olaraq yazılmışdım, yaşa görə çağırmırdılar. Gedib xahiş etdim, aparmadılar. Yalvardım, xeyri olmadı. Dedim gedəcəm. Heç bir dəvət, çağırış olmadan getdim. Dedim, qovsanız da qayıtmayacam. Sizə artıqlıq edə bilmərəm, burada olmalıyam. Sağ olsunlar, xahişimi qəbul etdilər. Sonra getdim irəliyə, xüsusi təyinatlılara qatıldım. Bacardığım hər şeyi etdim: texnika təmiri, əsgərlərin saqqalını kəsmək, sürücülük etmək, dana kəsib kabab bişirmək. Nə yaxşı da orada oldum. Qəhrəmana çevrilmək istəmirəm. Onsuz bütün xalq qəhrəmandır.

Demişdim ki, oxumağa yox, döyüşə gedirəm. Cəbhə şou sevmir: ya vuruşmağa gedək, ya getməyək. Ürəyim partlayırdı, dözə bilmirdim. Hələ də yuxudayam, şokdayam. Qarabağın bizə qayıtması... O qədər küskün yaşamışıq ki... İndi qələbə bizimdir, yerişimiz də, duruşumuz da dəyişib.

Düzdür, ürəkdən gülmək içimdən gəlmir, qardaşlarım gözümün qabağında dünyasını dəyişib. Müharibə çox çətin bir şeydir. Amma biz nə edə bilərik, bizim düşmənimiz ən murdarı oldu.

Bir çox xarici ölkə gəzmişəm. Hər dəfə harasa gedəndə, məğlub xalqa yuxarıdan aşağı baxırdılar. İndi mən dik duracam".



                 

Xəbər lenti