Müğənni Nadir Qafarzadə bu gün “Maral” mahnısının yeni versiyasını təqdim edib.
Axşam.az-a açıqlama verən N.Qafarzadə bildirib ki, bəstənin yeni versiyası Türkiyədə hazırlanıb:
“Nəhayət, xeyli müddətdir gözlədiyim “Maral” mahnısını bu gün dinləyicilərin ixtiyarına verdim. Amma bu iş mənə asanlıqla başa gəlmədi. Mahnının yeni versiyasında xeyli sayda canlı alətdən istifadə olunub. Sözün düzü “Maral” mahnısının müxtəlif üslublarda mənə təqdim etmişdilər. Amma bəyənməmişdim. Ən sonuncu hazırlanan versiyanı isə ilk eşitdiyim andan etibarən bəyəndim. Bu mahnı mənə uğur gətirib. Düşünürəm ki, dinləyicilər bu versiyanı da sevəcək”.
N.Qafarzadə daha sonra bildirib ki, “Maral” mahnısı çox sevilsə də, tənqid atəşinə tutanlar da olub:
“Bu günə qədər Azərbaycanın klassik estrada, xalq mahnılarını və digər korifey sənətkarların bəstələrini oxumuşam. Amma heç bir mahnım “Maral” qədər müzakirə mövzusu olmadı. Hətta bəzi həmkarlarım var ki, efirdən “Maral” mahnısını bəyənmirəm deyirlər. Amma toylara gedirsən, görürsən ki, həmin o sözü deyən müğənni “Maral”ı oxuyur. İfa etdiyim mahnının bu qədər müzakirə olunması məni bir ifaçı kimi sevindirir".
Müğənni həmçinin deyib ki, Azərbaycanda gözlənilməz layihə həyata keçirəcək:
“Təxminən bir ay sonra, Azərbaycanda elə bir layihə edəcəm ki, bunu heç kim etməyib. Amma mən edəcəm. Bunu etdiyimə görə, bir çoxları məni dəstəkləsə də, tənqid edənlər də olacaq. Amma çox maraqlı bir layihə alınacaq. Gözləsinlər. Bu proyektimin nədən ibarət olmasını isə gələn həftə mediaya açıqlayacam”.
Qeyd edək ki, N.Qafarzadənin “Maral” mahnısı dinləmə sayına görə, Azərbaycan ifaçıları arasında 1-ci yerdədir.