“Qızdırma 38°-dən yüksək deyilsə, endirmək tövsiyə edilmir”

“Qızdırma 38°-dən yüksək deyilsə, endirmək tövsiyə edilmir”
1136 dəfə oxunub
  • A-
  • A
  • A+

“Qidanın, xüsusilə şirniyyatların qeyri-müntəzəm qəbulu, körpənin həddindən artıq isti bükülməsi, fiziki fəaliyyətin olmaması immunitetin azalmasına və tez-tez tənəffüs xəstəliklərinə səbəb olan amillərdir”.

Axşam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Hüseyn Qabulov virus infeksiyaları zamanı əməl edilməli olan tədbirlərlə bağlı müsahibəsində deyib. 

O bildirib ki, immun sistemə dəstəyin əsasını dərmansız üsullar təşkil edir. Bu, gündəlik rejim, düzgün qidalanma, uşağın fiziki fəaliyyəti, təmiz və açıq havada gəzməsi (gəzintilərin müddəti gündə ən azı 2 saat olmalıdır) və s. Onlar adətən kifayət qədər yerinə yetirilmir, lakin ən təsirli olan üsullardandır. Təəssüf ki, bəzi valideynlər aptekdən hər hansı bir vitamin və ya həb almağa daha çox üstünlük verirlər.

Həkim bildirib ki, əgər uşağın qızdırması varsa, o zaman ilk növbədə valideynlər panikaya düşməməlidir, çünki onların həddindən artıq narahatlığı xəstə uşağın ümumi vəziyyətinə mənfi təsir göstərir:

“Adətən, uşaqlarda bədən temperaturunun artması orqanizmin hər hansı bir infeksiyaya, əksər hallarda viruslara və ya bakteriyalara verdiyi cavab reaksiyasıdır. Orqanizm temperaturu patogen mikrobların inkişafına mane olacağı rəqəmlərə qaldırmağa çalışır. Bir uşaqda yüksək temperatur kəskin respirator virus infeksiyaları, pnevmoniya və digər xəstəliklərlə müşahidə edilə bilər. Buna görə də, hansı vəziyyətdə temperaturun aşağı salınmasının vacib olduğunu və hansı vəziyyətdə isə gözləməyin mümkün olduğunu ayırmaq lazımdır”.

Ekspertin sözlərinə görə, qızdırma zamanı uşaq orqanizmi dəri vasitəsilə sürətlə maye itirir. Bədəndə mayenin aşağı düşməsi bütün sistemlərin və orqanların işini əhəmiyyətli dərəcədə çətinləşdirir, eyni zamanda zəhərli birləşmələrin, xüsusən də sidik sistemi vasitəsilə atılmasını yavaşlatır. Buna görə də, temperatur yüksək olduqda, uşağa kifayət qədər maye verməsi çox vacibdir:

“Əgər bədən istiliyi 38 °C-dən yüksək deyilsə, hərarəti endirmək tövsiyə edilmir. Bununla belə, istisna hallar var. Məsələn, əgər uşağınız daha əvvəl qızdırma ilə bağlı qıcolma keçiribsə, temperaturun bir qədər artması ilə özünü pis hiss edir və ya körpənin xroniki, anadangəlmə və ya qazanılmış xəstəliyi olduğu təqdirdə (ürək xəstəlikləri, sinir sistemi xəstəlikləri və s.). Belə hallarda həkimlə məsləhətləşərək, 38 dərəcəyə çatmasını gözləmədən dərhal uşağın temperaturunu normal dəyərlərə endirməyə çalışmaq lazımdır. Əgər uşağın hərarəti 38 °C-dən yuxarı qalxarsa, həkimə müraciət etməzdən əvvəl ona qızdırmasalıcı dərmanlar vermək tövsiyə olunur. Yaxşı ilkin nəticə körpənin qızdırmasının bir qədər azalması, onun əhvalının və iştahının yaxşılaşmasıdır”.

Həkim əlavə edib ki, qızdırmasalıcı bir dərman seçməzdən əvvəl həkimə müraciət etmək vacibdir. Onların hər biri müəyyən şərtlərdə daha təsirli olur. Hər bir vəziyyətdə onlardan hansının uşaq üçün məqbul olacağını həkim izah edəcək. Risk qrupunda olan uşaqlara (ürək çatışmazlığı, şəkərli diabet, immun sistemi çatışmazlığı, xroniki ağciyər xəstəliyi olan uşaqlar) qrip peyvəndi vurulması tövsiyə olunur.