VIII Muğam Müsabiqəsinin qalibləri bəlli oldu

VIII Muğam Müsabiqəsinin qalibləri bəlli oldu
1723 dəfə oxunub
  • A-
  • A
  • A+

Şuşada keçirilən VIII Muğam Televiziya Müsabiqəsinin qalibləri müəyyənləşib.

Axşam.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqəsinin final konsert proqramında mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, eyni zamanda incəsənət xadimləri iştirak ediblər.

Bülbülün ev-muzeyinin həyətində təşkil  olunan konsert proqramı Vətən müharibəsi şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Xalq artisti Mənsum İbrahimovun ifası ilə final konsert proqramı açıq elan edilib.

Daha sonra müsabiqənin finalçıları çıxış edib. İştirakçıların ifalarından sonra qaliblər müəyyənləşib. Azyaşlı qrup üzrə üçüncü yerin qalibi Sabir Ağayev, ikinci yerin qalibi Fatimə Kərimova, birinci yerin qalibi isə Həzrət Əzizli olub.

Gənc xanəndələr arasında isə Daşqın Kürçaylı və Vüqar Əbilov üçüncü yer, Ülkər Abdullayeva və Aynur Həsənxanova ikinci yerin qalibi seçiliblər.

Birinci yerin qalibi isə Fuad Əzizzadə olub.

Məftun Səfərli və Pedram Rəncbər isə həvəsləndirici mükafatla təltif edilib.