31 may beynəlxalq tütünlə mübarizə günündə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və islahatlar Mərkəzinin dəstəyi ilə "Addım" Gənclər təşkilatının birgə keçirdiyi “No Smoking Film Festivalı”nın açılış mərasımı keçiriləcək.
Axşam.az-ın məlumatına görə, gecədə dövlət rəsmiləri, sənət və media nümayəndələri, tütün əleyhinə mühazirələr keçən mütəxəssislər iştirak edəcəklər. Artıq ikinci ildir ölkəmizdə gerçəkləşən festivalın təşkilatçılığında digər maraqlı məqam isə onun tanıtım videolarıyla bağlıdır. Ötən il xalq artisti Flora Kərimova, Brilliant Dadaşova, Həmidə Ömərova, şoumen Murad Dadaşov, aparıcı Firdovsi Atakişiyev, Aytən Səfərova, müğənni Eldar Qasımov, Sabina Babayeva, əməkdar artist Hüsniyyə Məhərrəmova, jurnalist Felix Vişnevetskiy və başqalarının iştirak etdiyi videoçarx maraqla qarşılanmışdı. Bu il isə layihənin reklam siması olan Brilliant Dadaşova hitlərindən birini tanıtım videosunda gənclərlə birgə ifa edib.
“No Smoking Film Festivalı”nın anonsu bugün dünyanın 31 ölkəsində - Portuqaliya, ABŞ, Böyük Britaniya, Almaniya, BƏƏ, Hollandiya, Ukrayna, Rusiya, İzrail, Kanada, İspaniya və başqa ölkələrdə ingilis subtitrlərilə yayımlanacaq. Nümayişin təşkilini "Addım" Gənclər və Portuqaliyanın Unicer təşkilatı həyata keçirir.