“Üç donuz balası”nın premyerası olacaq

“Üç donuz balası”nın premyerası olacaq
501 dəfə oxunub
  • A-
  • A
  • A+

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb.

Axşam.az xəbər verir ki, mütəmadi olaraq dünya xalqlarının da nağıllarına müraciət edən və onları fərqli səhnə həllində təqdim edən yaradıcı heyət bu dəfə ingilis folkloruna aid “Üç donuz balası” adlı məşhur nağıla müraciət edib.

Birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnı mətnlərinin müəllifi Sevinc Nuruqızıdır.

“Üç donuz balası”nın personajlarını teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Xəlilov, Ülviyyə Əliyeva, Elgün Həmidov, Adil Dəmirov, Cavid Telman, Araz Həsənov, Elmira Hüseynova və “Oyuq” teatr-studiyasının yetirməsi Adil İqbal hərəkətə gətirəcəklər.

Qeyd edək ki, uşaqlara zəhmətsevərlik, özünə inam, ağıl ilə gücün birlikdə istənilən maneəni dəf etmək gücünü göstərən məişət mövzulu eyniadlı nümunə noyabrın sonlarında balacaların ixtiyarına veriləcək.