Rusiyalı jurnalist, teleaparıcı Kseniya Sobçak İsrail vətəndaşlığına malik olduğunu Daxili İşlər Nazirliyinə bildirmədiyi üçün onu 200 min rubla qədər cərimələnmə və ya 400 saat islah işləri gözləyir.
Axşam.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Rusiya qanunlarına görə, belə bir bildirişin göndərilməsi üçün 60 gün vaxt verilir. Sobçakın isə İsrail pasportu olması ilə bağlı şayiələr apreldə ortaya çıxıb. Lakin aparıcı bu xəbərləri təkzib edib.
Qeyd edək ki, bundan əvvəl Litvanın Dövlət Təhlükəsizlik Departamentinin direktoru Darius Yaunişkis Sobçakın Litvaya İsrail pasportu ilə daxil olduğunu təsdiqləyib.
Aparıcı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin "b" bəndi ( külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə şübhəli bilinir. Sobçakın 15 ilə qədər həbsi nəzərdə tutulur.