Nizami Kino Mərkəzində XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirilib.
Axşam.az xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə baş tutub.
XIII Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev festivalın proqramı haqqında ümumi məlumat verərək, tədbirdə 79 ölkədən 814 filmin yer aldığını bildirib. O qeyd edib ki, 91 film yerli müsabiqəyə təqdim edilib:
"Seçim Komissiyasının qərarına əsasən 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb. Bu filmlər festivalın əsas mükafatı “Qızıl Nar” uğrunda yarışacaqlar. Bu ilki festivalın önəmli proqramlarından biri də “Asiya istedadları” müsabiqə proqramıdır. Yalnız Asiya ölkələrinin bədii filmlərinin yarışdığı müsabiqədə 10 film yer alır".
Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri, kinorejissor Rüfət Həsənov çıxışı zamanı "Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində Nizami Kino Mərkəzində nümayiş olunacaq. Eyni zamanda festival çərçivəsində noyabrın 13-də türkiyəli prodüser Əmrah Kılıçla ustad dərsi keçiriləcək. Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 15-də eyni məkanda təşkil olunacaq. Kann, Venesiya, Berlin Film festivallarında, həmçinin “Oskar” mükafatlandırma mərasimində mükafat və uğur qazanmış filmləri ölkəmizə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı hazırda Azərbaycanın uzunömürlü film festivalıdır" sözlərini əlavə edib.
XIII Beynəlxalq Qısa Filmlər Festivalının xarici və yerli müsabiqəsinin münsiflər heyətinin üzvləri olan "Qarğıdalı adası" filmi ilə Karlovı Varı, "Kinoşok" kinofestivallarının baş mükafatını qazanan, tanınmış gürcü rejissoru və prodüser Georgi Ovaşvili, Kazanda art-nümayişlərin daimi spikeri, müxtəlif illərdə kino tənqidçi Adilya Xaybulina, Berlin, Kann kinofestivallarında türk kino proqramları, film həftələrinin təşkilatçısı, türkiyəli prodüser Emrah Kılıç, əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılan, Əməkdar rəssam Rəşad Ələkbərzadə, "FOCAL" fondunun "AVANTI" proqramının qalibi, rejissor Mirsadiq Ağazadə, yazıçı-publisist, Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva, "Didor", "Kiş" və s. festivalların mükafatçısı, Əli İsa Cabbarov, kino tənqidi və tarixinə dair oçerklərin müəllifi, şair Qismət Rüstəmov çıxış edərək kino yaradıcılarını və kinosevərləri bu təntənəli açılış mərasimi münasibətilə təbrik ediblər.
Daha sonra festivala təqdim olunan yerli və xarici filmlərin kollajından ibarət videoçarxlar, eyni zamanda ötən festivalların qalib filmlərindən biri "Bir ata haqqında" sənədli filmi, "Ən yaxşı rejissor" nominasiyasının qalibi "Çarpayı", “Şaxta" və "Təbii seçim" filmləri nümayiş olunub.