Xəbər verdiyimiz kimi, Xalq artistləri Valeh Kərimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik və Səidə Quliyevanın Akademik Milli Dram Teatrında işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Məsələyə münasibət bildirən Mədəniyyət Nazirliyi mövcud qanunvericilikdə 65 yaşına çatmış şəxslərin təqaüdə çıxmasının nəzərdə tutulduğunu vurğulayıb.
Axşam.az xəbər verir ki, məsələ ilə bağlı "Azdrama"nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, adıgedən sənət adamlarının teatrdakı fəaliyyəti davam edir.
"Dünən yayılan xəbərlə bağlı açıqlama vermişik. Təəssüf ki, sosial şəbəkələrdə yanlış rəy yaratmaq istəyənlər var. İnsanları çaşdırırlar.
Yayılan xəbər doğru deyil. Adı çəkilən sənətkarlar teatrda öz işlərini davam edirlər. Onları xalq sevir, Azərbaycan teatrı üçün dəyərlidirlər. Yaşı 65-i keçən heç kim işdən çıxarılmayıb, heç kim yarımştata keçirilməyib. Akademik Milli Dram Teatrının hər bir aktyoru ştat cədvəli üzrə maaş alır" deyə, yazıda bildirilib.