Kinematoqrafçılar İttifaqından iddialara - Cavab

Kinematoqrafçılar İttifaqından iddialara - Cavab
461 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı qurumun keçmiş Mətbuat xidmətinin rəhbəri Əli Vəliyevin barələrində səsləndirdiyi iddialara münasibət bildirib.

Axşam.az ittifaqın yaydığı məlumatı təqdim edir: 

"Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının əməkdaşı olmuş Əli Vəliyev cəmiyyətimizin həssas olan təbəqəsinin, yəni şəhid ailələrinin adını hallandıraraq 25.01.2023-cü il tarixində növbəti dəfə həqiqətə uyğun olmayan məlumat təqdim edib. ARKİ-nin mühasibatlıq sənədlərinə əsasən 19.10.2020-ci il tarixdə ittifaqın üzvləri tərəfindən könüllülük prinsipi əsasında yığılan 2220 AZN nəğd vəsait Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hesabına köçürülüb. Qeyd edilən vəsait nəğd üsulla ittifaqın hesabına mədaxil edilib və qurumun hesabından əlavə vəsait ayrılmaqla, ümumilikdə 5000 AZN məbləğində vəsait Silahlı Qüvvələrinin hesabına köçürülüb.

Əli Vəliyev tərəfindən təqdim edilən qərəzli məlumatlar hüquqi qiymət verilməsi üçün araşdırma materiallarına əlavə edilib. 25.01.2023-cü il tarixli məqalədə “üzr istəyib sözlərimi geri götürəcəyəm” sözü ilə əlaqədar bildiririk ki, həqiqətə uyğun olmayan məlumat təqdim etdiyi üçün şəhid ailələrindən üzr istəməyi təklif olunur".    

Qeyd edək ki, ötən ilin sonlarında ittifaqın sədri Şəfiqə Məmmədovanın yenidən bu vəzifəyə seçilməsi müzakirələrə səbəb olmuşdu. Ötən günlərdə isə Ə.Vəliyev sözügedən vəzifəsindən ayrılıb. Bundan başqa, bir sıra incəsənət və mədəniyyət xadimi də ittifaqı tərk edib.