67-ci dəfə keçiriləcək "Avroviziya" mahnı müsabiqəsinin biletlərinin satışında rekord qeydə alınıb.
Axşam.az xəbər verir ki, Ukrayna adından Böyük Britaniyada keçiriləcək olan müsabiqənin biletləri martın 7-də satışa çıxarılıb. İzləyicilər 9 şou (6 geyim məşqi, yarımfinal və final) üçün 90-380 funt-sterlinq (180-764 manat) arasında olan biletləri alıblar.
"Sky News"un məlumatına görə, finalın biletləri 36 dəqiqəyə, digər şoularınkı isə 1 saat ərzində satılıb. Bildirilib ki, Liverpul şəhərində keçiriləcək müsabiqə üçün nəzərdə tutulan zal 11 min tamaşaçılıq olsa da, 6 min bilet satışa çıxarılıb. Buna səbəb isə səhnənin artırılması, müəyyən performans tələbləri və geniş miqyaslı çəkilişlər olub.
Qeyd edək ki, ötən il müsabiqənin qalibi Ukraynanı təmsil edən "Kaluş" qrupu olub. Ölkədəki müharibə səbəbindən yarışma bu il Britaniyada keçiriləcək.
Yarışmanın yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq.