Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu ay balaca tamaşaçılarını da unutmayıb. Onlar martın 19-da sənət ocağının səhnəsində “Cırtdan” operasını izləyə biləcəklər.
Axşam.az xəbər verir ki, uşaqların zövqünü oxşayacaq səhnə əsərində əsas rolları Əməkdar artistlər İnarə Babayeva, Səbinə Vahabzadə, Tural Ağasıyev, teatrımızın solistləri Mahir Tağızadə, Aynel Mehdiyeva, Mələk İsrafilova, Dilarə Mustafayeva, Esmira Məmmədova və Elmira Qafarova ifa edəcək.
Bəstəkarı Nazim Əliverdibəyov olan səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq. Operanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.