Dünyanın ən məşhur muzeylərindən olan Luvr bu gün səhər saatlarından etibarən fəaliyyətini dayandırıb.
Axşam.az xəbər verir ki, bu barədə muzeyin sosial media hesablarında məlumat yayılıb.
Bildirilib ki, muzey əməkdaşları Fransa Prezidenti Emmanuel Makronun ölkədə pensiya islahatının həyata keçirilməsi ilə bağlı qərarın ləğvi tələbi ilə tətilə başlayıblar.
Etirazçıların əllərində tutduqları plakatlarda "Muzeylər pensiya islahatına qarşıdır", "Daha uzun yaşamaq üçün az işləyin" kimi şüarlar yazılıb.
Qeyd edək ki, Fransa hökuməti ötən həftə, parlamentdə səsvermə keçirilmədən, ölkədə pensiya yaşını 62-dən 64-ə qaldırması barədə qanun layihəsini qəbul edib. Bundan sonra ölkədə çox sayda aksiyalar keçirilməyə başlayıb.