Xəbər verdiyimiz kimi, ötən gün Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib.
Axşam.az-ın məlumatına görə, tədbirdə Xalq artisti Azərin “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirib. Onun ifası Azərbaycan və Türkiyə liderləri tərəfindən ayaq üstə alqışlanıb.
Azərinin ifasında diqqət çəkən məqam isə mahnının sözlərinin dəyişdirilməsi olub.
Belə ki, Azərin mahnının sözlərini dəyişərək "Qafqazlardan aşmışıq biz, türklüyə şan qatmışıq biz. Azərbaycan bayrağını Qarabağdan asmışıq biz. Türkün şanlı bayrağını Qarabağda asmışıq biz" formada oxuyub.
Qeyd edək ki, bəstənin əvvəlki versiyasında sözlər bu formada idi: "Qafqazlardan aşacağıq, türklüyə şan qatacağıq. Türkün şanlı bayrağını Turan elə asacağıq. Azərbaycan bayrağını Qarabağa asacağıq".
Bəstənin sözləri Əhməd Cavad, musiqisi isə Üzeyir Hacıbəyovundur.