"Titanik"i görməyə gedənlər itkin düşdü - Fotolar

"Titanik"i görməyə gedənlər itkin düşdü - Fotolar
1915 dəfə oxunub
  • A-
  • A
  • A+

Turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq Atlantik okeanında itib.

Axşam.az xəbər verir ki, ABŞ-ın Boston şəhərindəki Sahil Mühafizəsi BBC-yə xilasedicilərin sualtı qayığı tapmağa çalışdığını təsdiqləyib. Sualtı qayıqda beş nəfər - pilot, üç turist və bələdçi olub.

İtmiş sualtı qayığa sahib olan "OceanGate Expeditions" şirkətinin bəyanatında  "Bütün diqqətimiz ekipaj üzvləri və onların ailələri üzərindədir. Ekipajda olanların salamat geri qayıtmasına çalışırıq" sözləri yer alıb. 

Firma əlavə edir ki, axtarış əməliyyatında bir neçə dövlət qurumu və özəl şirkət iştirak edir. 

ABŞ Sahil Mühafizəsi tvitter hesabında sualtı qayıqla əlaqənin bir gündən çox əvvəl kəsildiyini, hadisənin bazar günü baş verdiyini yazıb. ABŞ Sahil Mühafizəsi kontr-admiralı Con Mauger bazar ertəsi jurnalistlərə bildirib ki, itkin düşən qayıqda 70-96 saat oksigen qalıb. Bu müddət ərzində onlar geri qayıtmalıdırlar, əks halda ekipajda sağ qalan olmayacaq. Maugerin sözlərinə görə, axtarışlarda iki təyyarə və bir sualtı gəmi iştirak edir.

Sualtı qayıqda olan şəxslərin adı tam açıqlanmayıb. Bununla belə, məlumdur ki, 59 yaşlı britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq başqaları ilə yanaşı, sualtı qayıqla "Titanik"ə enməyə çalışıb. Bunu onun ailəsi də təsdiqləyib.

İş adamı hətta həftəsonu sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. Bundan qürur duyduğunu deyərək "Son 40 ilin ən pis hava şəraitinə görə, bizim səfərimiz, yəqin ki, 2023-cü ildə "Titanik"ə ilk və sonuncu insan dalışı olacaq" sözlərini yazıb.

Hardinq beynəlxalq aviasiya sahəsində fəaliyyət göstərən "Action Aviation" şirkətinə rəhbərlik edir.

"Titanik"ə enmiş sualtı gəminin çəkisi 10 432 kq-dır və istehsalçının saytında verilən məlumata görə, 4000 metr dərinliyə qədər dala bilər. O, 96 saat ərzində beş ekipaj üzvünün həyatda qalmasına yardım edə bilir.

Britaniyanın "Sky News" telekanalının məlumatına görə, sualtı gəmidə “OceanGate Expeditions” şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais də var.