Uzun fasilədən sonra ekranlara qayıdan türkiyəli aktrisa Bergüzar Korelin son paylaşımı müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, aktrisa sosial media hesabında sənətinin çətinliklərindən bəhs edib.
Korel "Siz aktyorların çox əyləncəli həyatı var axı... Məsələn o göyərmələr, şillələr hamısı oyundur, elə deyil? Gecə çəkilişləri həqiqətən gecə etmirsiniz də, hə? Rolunuzu ifa edərkən yanınızda ssenarini deyən biri var da, o qədər sözü yadda saxlaya bilməzsiniz" ifadələrini ironiya ilə yazıb.
Onun bu sözləri bəzi sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb və onu tənqid ediblər.
İzləyicilərdən biri Bergüzarın paylaşımına "Başa düşmədim, Bergüzar səhər-axşam 3 qəpik pul üçün işləyən insanların milyonlar qazanan, 1 serialdan aldığı pulla 3-4 il dincələn, yayda 2-3 ay dəniz sahilində istirahət edən, hətta həmin qazancla Londona köçən aktyorlara kədərlənməsini gözləyir?" deyə bildirib. Bir çox sosial media istifadəçiləri onun bu şərhinə haqq qazandırıb.
Qeyd edək ki, aktyor Halit Ergenç ilə ailəli olan Bergüzarın üç övladı var. Hazırda o, "Düğün" serialında rol alır.
