Azərbaycanlı bəstəkar İbrahim Tatlısəsə mahnı yazdı - audio
Azərbaycanlı xanım bəstəkar Sevinc Tofiqqızı türkiyəli müğənni İbrahim Tatlısəsə "Məkkədə" adlı mahnı bəstələyib.
Axşam.az-ın məlumatına görə, bəstəsi haqqında danışan S.Tofiqqızı sözləri Zəlimxan Yaquba aid olan bu nəğməsini Tatlısəsi ruhlandırmaq üçün yazdığını söyləyib:
"Mən İbrahim bəyin vurulması xəbərinə çox sarsıldım. Sözün əsl mənasında, o, Türkiyənin ən önəmli səslərindən biridir. Biz onun mahnıları ilə böyüdük. Hazırda, Tatlısəsin oxuya bilməməsi məni çox üzür. İnanıram ki, o, tez bir zamanda sağalacaq və onun üçün yazdığım, sözləri dəyərli şairimiz Zəlimxan Yaquba aid olan “Məkkədə” mahnısını gözəl avazı ilə ifa edəcək. Mənim ona mahnı bəstələməyimin önəmli səbəblərindən biri İbrahim Tatlısəsi ruhlandırmaq və onun tez bir zamanda sağalmağını cani-könüldən arzu etməkdir. O bilsin ki, bizim dualarımız onunladır”.
Sevinc Tofiqqızı, müğənniyə bəstələdiyi mahnını ifa edən şəxsdən də söhbət açıb:
“Bu mahnını bəstələdim, İbrahim bəyə hazır, oxunmuş halda göndərmək istədim. Tanıdığım və səsi İbrahim bəyin səsinə bənzəyən birinə oxutdurdum. O, adam sağ olsun, mahnını oxudu və sözün əsl mənasında, İbrahim Tatlısəsə layiq ifa edib. Dəyərli şairimiz Zəlimxan Yaquba da öz minnətdarlığımı bildirirəm. Onu da deyim ki, İbrahim bəy şəxsən tez bir zamanda ona bəstələdiyim bu mahnını dinləyəcək. Onun da fikirlərini zamanı gələndə mediaya açıqlayacam”.
Məlumat üçün bildirək ki, bəstəkar Sevinc Tofiqqızı Atatürkə və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana da mahnı yazıb.