X “Gəncliyin səsi” Festivalının açılışı oldu - Fotolar

X “Gəncliyin səsi” Festivalının açılışı oldu - Fotolar
523 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində X “Gəncliyin səsi” Festivalının açılış mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, Gənclər Günü münasibətilə keçirilən ikihissəli tədbir çərçivəsində “Tomrisin sorağında” adlı sərgi və aşıq sənətinə həsr edilmiş konsert təşkil olunub.

Tədbirdə aşıq sənəti dinləyicilərə müxtəlif formalarda təqdim olunub - ənənəvi və bəstəkar yaradıcılığında, eləcə də piano alətində işlənilmiş aşıq havaları, bununla yanaşı, müxtəlif dövrlərdə yaşamış aşıqların sözlərinə yazılmış mahnılar xanəndə və xor kollektivi tərəfindən ifa edilib.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin nəticəsi olaraq ölkədə hər bir sahədə gənclərin iştirakına, enerji dolu fikirlərinə önəm verilir, onların milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı, bədii-estetik zövqünün formalaşması üçün dövlət tərəfindən zəruri tədbirlər görülür. Belə ki, fevralın 1-3-də Gənclər Günü ilə bağlı keçirilən festival çərçivəsində həm Bakıda, həm də bölgələrdə silsilə tədbirlər təşkil olunacaq. Ölkənin aparıcı mədəniyyət müəssisələrində çıxış edən gənclər arasında musiqiçi, aktyor, rəssam, sənətşünas və modelyerlər yer alır.

Həmçinin Bakı, Gəncə, Qax və Salyanda gənclərin iştirakı ilə konsert, kukla tamaşası, yaradıcı yarmarka, tematik sərgilər keçirilir. Builki festivalın prioritet istiqamətləri yaradıcı tələbələrin bu layihəyə cəlb edilməsidir. Bununla bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, UNEC, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, ADMİU nəzdində Humanitar Kollec, Abşeron rayonu Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbinin gənc müəllim və tələbə heyəti X “Gəncliyin səsi” Festivalı çərçivəsində silsilə tədbirlərdə iştirak edirlər.

Gənclər Günü ilə əlaqədar fevralın 2-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq. Həmin tarixdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.