İranlı müğənni Pərəstu Əhmədi və onun prodüser komandasının səkkiz üzvü 74 şallaq cəzasına məhkum edilib.
Axşam.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Bildirilib ki, internetdə vulqar və əxlaqsız məzmun dərc etdiklərinə görə onlara qarşı ictimai əxlaqı təhqir etmə ittihamı irəli sürülüb. Qum Əyalətinin Cinayət Məhkəməsinin məhkəmə sənədlərinə görə, sənətçilərə həmçinin iki il ərzində ölkəni tərk etmək və yaradıcılıqla məşğul olmaq qadağan edilib.
Buna səbəb 29 yaşlı Əhmədinin 2024-cü ilin dekabrında yutubda canlı yayımda baş örtüyü olmadan mahnılar ifa etdiyi "Karvansara" adlı virtual konsertidir. Yayımdan sonra müğənni və bir neçə musiqiçi qısa müddətə saxlanılıb, onlara qarşı cinayət iş açılıb.