"Apple" şirkəti öz məhsullarının qiymətlərini artırmağı planlaşdırır.
Axşam.az xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru (CEO) Tim Kuk "The Wall Street Journal" qəzetinə verdiyi müsahibədə bildirib. Qiymət artımına səbəb kimi süni intellekt (AI) şirkətlərinin kütləvi tələbatı fonunda operativ (RAM) və quraşdırılmış yaddaş çiplərinin kəskin bahalaşması göstərilir.
Tim Kuk qeyd edib ki, "Apple" qiymət artımını ləngitmək üçün son ana qədər ciddi müqavimət göstərib, lakin hazırda vəziyyət kritik həddə çatıb.
"Təəssüf ki, qiymət artımı qaçılmazdır. Biz üzərimizə qoyulan nəhəng xərcləri kompensasiya etmək və müştərilərimizi bu bahalaşmadan qorumaq üçün əlimizdən gələni etdik. Lakin mövcud vəziyyəti artıq sabit saxlamaq qeyri-mümkündür" deyə, şirkət rəhbəri vurğulayıb.
Kuk konkret olaraq hansı cihazların qiymətinin qalxacağını açıqlamayıb. Ekspertlərin fikrincə, bahalaşma böyük ehtimalla bu payızda təqdim olunacaq iPhone 18 Pro, iPhone 18 Pro Max və qatlana bilən iPhone Fold modellərinə təsir edəcək.
Qeyd edək ki, ötən ildən bəri yaddaş çiplərinin və toplayıcıların qiyməti 4 dəfə artıb. Bu bahalaşma fonunda "Google", "Microsoft", "Meta" və "Amazon" kimi texnologiya nəhəngləri də xərclərinin və istehsal büdcələrinin artdığını bəyan ediblər.