Tayra Benks "Netflix"i məhkəməyə verdi

Tayra Benks "Netflix"i məhkəməyə verdi
93 dəfə oxunub
  • A-
  • A
  • A+

Supermodel və “Amerikanın Növbəti Top Modeli” şousunun aparıcısı Tayra Benks "Netflix"i məhkəməyə verib.

Axşam.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

iddiaya görə, "Netflix"də fevral ayında yayımlanan “Reality Clash: Amerikanın Növbəti Top Modeli şousunun pərdəarxası” sənədli filmi Tayra Benks haqqında böhtan xarakterli yanlış təsəvvür yaradıb. Film məşhur realiti-şounun pərdəarxası hadisələrindən bəhs edir.

Sənədli filmdə Tayra Benks, prodüser Ken Mok və şounun münsifləri Cey Manuel, Cey Aleksandr və Naycel Barkerin müsahibələri yer alıb. Həmçinin keçmiş iştirakçılar və qaliblər — Uitni Tompson, Jizel Samson, Şennon Stüart, Şendi Sallivan, Dani Evans və Kinya Hill də ekran qarşısına çıxıblar.

Tayra Benks iddia edir ki, 3 saat yarım davam edən müsahibəsi cəmi 16 dəqiqəyə endirilib və montaj zamanı kontekstdən çıxarılaraq yanlış təqdim olunub.

İddia ərizəsində qeyd olunur ki, prodüserlər seçilmiş kadrlar və manipulyasiya olunmuş montaj vasitəsilə belə bir fikir formalaşdırıblar: guya Tayra Benks iştirakçılardan birinin seksual təzyiqə məruz qalmasına bilərəkdən göz yumub, həmin travmadan reytinq naminə istifadə edib və sonradan bunu xatırlamadığını bildirib.

Məhkəmə sənədində bu ittihamların “tamamilə uydurma” olduğu və Netflix tərəfindən milyonlarla izləyiciyə təqdim edildiyi vurğulanır.

Söhbət şounun dördüncü mövsümündə, Cənubi Afrikada baş verən hadisədən gedir. İştirakçı Kinya Hill kişi modellərlə fotosessiya zamanı onlardan birinin ona qarşı “çox aqressiv şəkildə yaxınlaşdığını” bildirib.

Həmin anlar kameralar tərəfindən qeydə alınıb və epizodda yayımlanıb. Çəkilişdən sonra Tayra Benks iştirakçıya bu cür vəziyyətlərdə necə davranmaq barədə məsləhətlər verib. O, “qadın hiylələri”ndən istifadə etməyi və vəziyyətdən zarafatla çıxmağa çalışmasını tövsiyə edib.

Sənədli filmdə Tayra Benks bildirib:

“Məndə olan məlumat əsasında ona özünəinam verməyə çalışırdım. O vaxt bunun ən doğru məsləhət olduğunu düşünürdüm. Amma əslində ‘Dayan!’ demək lazım idi. Bu gün belə vəziyyətdə məhz belə davranılardı".