"P. Diddi" kimi tanınan Şon Kombsun həbsdən azad olunma tarixi yenidən dəyişdirilib.
Axşam.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb. Bildirilir ki, reperin 23 fevral 2028-ci ildə azadlığa çıxacağı gözlənilir.
Məlumata əsasən, musiqiçinin azadlığa buraxılma tarixi bir neçə dəfə dəyişdirilib. Əvvəlcə onun 4 iyun 2028-ci ildə sərbəst buraxılması planlaşdırılırdı. Daha sonra tarix 8 may, ardından 25 aprel və 15 aprel olaraq yenilənib. Reperin vəkilləri isə hökmün ləğvi üçün mübarizəni davam etdirirlər.
Qeyd edək ki, 2025-ci ilin iyul ayında Şon Kombs narkotik təsiri altında seksual xarakterli əlaqələr üçün insanları ştatlar arasında daşımaqda təqsirli bilinib. Məhkəmə onu 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Bununla yanaşı, məhkəmənin münsiflər heyəti sənətçini reketçilik, seksual cinayət məqsədilə əlbir olma və insan alveri ittihamları üzrə təqsirsiz hesab edib. Qeyd olunur ki, bu maddələr üzrə ona ömürlük həbs cəzası verilə bilərdi.
Hazırda Şon Kombs həbsxanada narkotik asılılığından reabilitasiya proqramında iştirak edir. Ötən ilin noyabr ayında isə onun həbsxanada keşiş köməkçisi kimi fəaliyyət göstərdiyi bildirilmişdi.