"Sotheby's" hərrac evi məşhur modelyer Karl Lagerfeldin mindən çox rəsmini satışa çıxaracaq.
Axşam.az xəbər verir ki, bu barədə "Women’s Wear Daily" məlumat yayıb.
Hərrac iyul ayında keçiriləcək. Dizaynerin bəzi eskizləri ayrıca satılacaq, digərləri isə 4–12 əsərdən ibarət kolleksiyalar şəklində təqdim olunacaq.
"Sotheby's" nümayəndəsi Pyer Motes bildirib ki, bu rəsmlərin əsas dəyəri onların Karl Lagerfeld tərəfindən şəxsi olaraq ölümünə qədər qorunub saxlanılmasıdır.
Hərracda rəsmlərlə yanaşı, Lagerfeldin iş sənədləri, istifadə etdiyi qadcetlər, bir neçə cüt əlcək və hətta 1920-ci illərə aid bağ skamyaları da nümayiş etdiriləcək. Lotları Parisdəki "Sotheby’s" ofisində təşkil olunacaq sərgidə görmək mümkün olacaq.
Bütün əşyaların başlanğıc qiyməti 1 avro olacaq. Buna baxmayaraq, ekspertlər Lagerfeldin irsinin yekun satış qiymətinin kifayət qədər yüksək olacağını gözləyirlər. Xüsusilə əl ilə rənglənmiş illüstrasiyalar, siyasi karikaturalar və modelyerin yaxın dostu Jak de Başerin portretlərinin böyük maraq doğuracağı bildirilir.