Luiziana məhkəməsi "Mystikal" ləqəbi ilə tanınan tanınmış amerikalı repçi Maykl Tayleri zorlama ittihamı ilə 20 il müddətinə azadlıqdan məhrum edib.
Axşam.az xəbər verir ki, "The Guardian" nəşrinin yaydığı məlumata görə, hadisə 2022-ci ilin iyul ayında baş verib.
Zərərçəkmiş qadın xəstəxanaya müraciət edərək musiqiçinin onu Luizianadakı evində zorladığını bildirib. Məhkəmədə ifadə verən zərərçəkmiş qeyd edib ki, Tayler onu yumruqla vurub, boğub və qaçmasının qarşısını almaq üçün avtomobilinin açarlarını və mobil telefonunu əlindən alıb. Bundan əlavə, repçi zərərçəkmiş şəxsi buraxmazdan əvvəl onun telefonundan öz hesabına pul köçürüb.
İlkin olaraq repçiyə qarşı məişət zorakılığı, soyğunçuluq, qanunsuz azadlıqdan məhrumetmə və avtomatik olaraq ömürlük həbs cəzası nəzərdə tutan birinci dərəcəli zorlama ittihamları irəli sürülmüşdü. Lakin mart ayında musiqiçi istintaqla sövdələşməyə gedərək günahını etiraf edib və bununla da ittiham maksimum 25 il cəzası olan üçüncü dərəcəli zorlamaya qədər yüngülləşdirilib, digər bəzi maddələr isə ləğv edilib. Hökmün çıxarılmasına bir həftə qalmış Tayler güclü emosional stress və təzyiq altında qərar verdiyini əsas gətirərək etirafını geri götürməyə çalışsa da, məhkəmə bu vəsatəti rədd edib. Repçi hökm oxunmazdan əvvəl məhkəmədə "Əgər mən bunu sizə həqiqətən etmişəmsə, ən ağır cəzaya layiqəm" deyib.
Qeyd edək ki, bu, repçinin ilk məhkumluğu deyil. O, 2004-cü ildə cinsi zorakılıq və hədə-qorxu ilə tələb etmə işi üzrə 6 il həbs cəzası alıb və cinsi cinayətkar kimi qeydiyyata düşüb. 2012-ci ildə məişət zorakılığına görə 3 ay həbsdə yatan musiqiçi, 2017-ci ildə də zorlama və adam qaçırmada ittiham olunsa da, sonradan həmin iş bağlanıb. "Mystikal" 2000-ci ildə "Shake Ya Ass" hiti və "Billboard 200" hit-paradına başçılıq edən "Let’s Get Ready" albomu ilə geniş şöhrət qazanıb. Onun yeni treklərdən ibarət sonuncu "Tarantula" albomu isə 2001-ci ildə işıq üzü görüb.