Kinorejissor, Xalq artisti Əbdül Mahmudbəyovun 80 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyində sənətkarla görüş keçirilib.
Axşam.az xəbər verir ki, yubileyi münasibətilə kino xadimi Mədəniyyət Nazirliyinin kollektivi və ölkəmizin mədəniyyət ictimaiyyəti adından təbrik edilib, xoş arzular çatdırılıb.
Bildirilib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva tərəfindən ölkəmizdə mədəniyyətin digər sahələri kimi, kino sahəsinin də inkişafına davamlı diqqət göstərilir. Milli kinonun inkişafında xidmətləri olan insanların əməyi yüksək qiymətləndirilir, onlar ali təltiflərə, mükafatlara layiq görülürlər. Əbdül Mahmudbəyov da bu sahədəki fəaliyyətinə görə “Xalq artisti” fəxri adı və Prezidentin fərdi təqaüdü ilə mükafatlandırılıb.
Qeyd olunub ki, sənətkarın aktyor kimi filmlərdə böyük məharətlə canlandırdığı obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Onun quruluş verdiyi ekran əsərləri də Azərbaycan kinosunun diqqətəlayiq nümunələrindəndir.
Görüşdə iştirak edən Əməkdar incəsənət xadimləri Cəmil Quliyev, Baba Vəziroğlu, Orxan Fikrətoğlu və başqaları sənətkarın yaradıcılıq yolundan danışıb, rol aldığı və quruluş verdiyi ekran əsərlərinin məziyyətlərindən söz açıblar.
Sonra Azərbaycan mədəniyyətinin inkişafına töhfələrinə Ə.Mahmutbəyovə nazirliyin fəxri diplomu təqdim edilib.