Luvr Muzeyinin direktoru Lorans de Kar dünyanın ən məşhur muzeyinin ciddi infrastruktur böhranı yaşadığını bəyan edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, muzey rəhbərliyi mövcud vəziyyətin təcili olaraq dəyişmədiyi təqdirdə kompleksin normal fəaliyyətinin bərpaolunmaz dərəcədə təhlükə altına düşə biləcəyini xəbərdar edib.
Direktorun sözlərinə görə, muzey kompleksi fiziki cəhətdən köhnəlib və artıq müasir ziyarətçi axınının yaratdığı yükə tam cavab verə bilmir. Əsas problemlər arasında binada su sızmaları, temperatur rejiminin qeyri-sabitliyi, mühəndis-kommunikasiya sistemlərinin köhnəlməsi, təhlükəsizlik və logistika infrastrukturunun çatışmazlıqları göstərilir.
Bundan əlavə, hər il milyonlarla insanın ziyarət etdiyi Luvrda həddindən artıq sıxlıq yaranır. Bu vəziyyət həm ziyarətçilərin rahatlığını azaldır, həm də muzeydə saxlanılan qiymətli sənət əsərlərinin qorunması baxımından əlavə risklər yaradır.
Lorans de Kar vurğulayıb ki, muzey binası bugünkü turist axını nəzərə alınmadan layihələndirilib. Onun fikrincə, Luvrun uzunmüddətli və genişmiqyaslı yenidənqurma proqramına ehtiyacı var. Əks halda, həm binanın texniki vəziyyəti, həm də mədəni irsin qorunması sahəsində problemlər daha da kəskinləşə bilər.