"Superstar" sürprizi, Şəhriyara reaksiya - Murad Arifin gecəsi

"Superstar" sürprizi, Şəhriyara reaksiya - Murad Arifin gecəsi
1488 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gecə Heydər Əliyev Sarayı müğənni-bəstəkar Murad Arifin solo konsertinə ev sahibliyi edib. 

Axşam.az xəbər verir ki, "Hitmaker" adlanan gecəyə Muradın xüsusi hazırlaşdığı diqqətdən qaçmayıb. Səhnə dekorasiyası, güclü işıqlar, rəqqaslar... Tamaşaçını intizarda saxlamayan Murad maskalı rəqqasların arasında səhnəyə çıxıb.

İlk olaraq "Partlat" mahnısını oxuyan ifaçı hər ifasından sonra tamaşaçıya bir hekayə danışıb. Bu, ya onun bəstələrinin yaranması, ya həyatı, ya da sosial mövzular olub. Bir-birinin ardınca "Həyat yoldaşım", "Qızım", "Çalxala", "Tufan", "Brilyantlar", "Oğlum", "Ehtiyacım var" bəstələrini səsləndirən sənətçi anasına, bacısı Könül Arifə, övladlarına təşəkkür edib.

"Necə inanılmaz bir hissdir. Düşündüm ki, ikinci konsertdir, həyəcan azalar. Amma yox... Harada tamaşaçıya olan sevgi varsa, heç vaxt həyəcan azalmır. Gedib bilet alıb konsertə gəlmək, sizlərin burada olması mənim üçün ən böyük möcüzəmdir" deyən, sənətçi həyəcanını gizlədə bilməyib. 

Gecədə Murad Əməkdar artist Lalə Məmmədova, müğənnilər Elnarə Xəlilova, Dilarə Kazımova ilə duet səsləndirib.

O, yeni "Superstar" mahnısını isə Əməkdar artist Sevda Ələkbərzadə ilə birlikdə oxuyub. Sənətçi əlavə edib ki, "superstar" sözünü tamaşaçılarına ithaf edib.  

"Ana, oğlun ölkənin ən əsas zalında ikinci konsertini verir" deyə, Murad anasına təşəkkürünü bildirib.  

Gecədə müğənni həyat yoldaşından da bəhs edib:

"2014-cü ildə mayda inanılmaz həyəcan, şübhə, qorxularla bu addımı atdım. İlk dəfə olaraq özüm üçün bir nəğmə bəstələdim. mahnı o qədər şəxsi, özəl bəstədir ki, heç bir müğənniyə həvalə edə bilmərəm. İlk və şəxsi, hər saniyəsində səmimiyyət, duyğular olan nəğməm. Mahnını təqdim edərkən düşündüm ki, deyiləsi çox şeylər var. Sözləri və musiqisi bütün hisslərimi göstərir. "Həyat yoldaşım" 10 yaşın mübarək".

Mahnını ifa edərkən isə monitorda toy fotolarını nümayiş etdirib. 

Muradı izləməyə gələnlər arasında Xalq artistləri Zülfiyyə Xanbabayeva, Murad Dadaşov, Əməkdar artist Bəhram Bağırzadə, müğənni İlhamə Qasımova, Nura Suri, aparıcılar Leyla Quliyeva, Kamilə Babayeva, bəstəkarlar Gövhər Həsənzadə, Vaqif Gərayzadə, iş xanımı Ruhi Əliyeva yer alıb. 

Və, ənənəsinə sadiq qalaraq Murad tamaşaçıların yanına gəlib, onlarla foto çəkdirib və mahnısını onlarla birlikdə səsləndirib.

"Konseptdən qopmayaraq fikir bildirmək istəyirəm" desə də Murad əyləncəli gecədən qoparaq Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarov son günlər tənqid olunan "qadınlar hər sahədə kişilərdən geridədir" fikirlərinə münasibət bildirib: 

"Birincisi, demək istəyirəm ki, insanlıq əsrlərdir patriarx bir dünyada yaşayır. Yalnız bu səbəbdən, kişilər cəmiyyətdə söz və mövqe sahibi olaraq, müxətlif sahələrdə öndə ola bildi. Bunu tarix bizə söyləyir. Bunu açıqlamaqla Amerika kəşf etmiş olmuruq. İstənilən sahədə, bəylər öndədirsə, demək, müəyyən düzən buna zəmin yaradıb. İkinci, qadınlar bəzən kiməsə görə, hansısa səbəbdən öndə görünməsələr belə bütün qəhrəmanlıqların, kəşflərin, nailiyyətlərin arxasında hökmən duru. Çabalarımız xanımlar uğrundadır. Bu bölgülər olmasın. Heç kim heç kimdən üstün deyil. Bir ailə düzənini göz önünə gətirsək, burada komanda işi, öz fikri, mövqeyi olmalıdır".  

Murad gecəni "Şuşa" mahnısı ilə yekunlaşdırıb. Konsert boyunca ifaçını rəqs qrupları müşayiət edib. 

Foto: Orxan Şərəfxanov