Mayın 30-da görkəmli baletmeyster, Azərbaycan balet sənətinin canlı əfsanəsi, Xalq artisti, Prezident təqaüdçüsü Maqsud Məmmədovun 95 yaşı tamam olub.
Axşam.az xəbər verir ki, bu münasibətlə iyunun 1-də mədəniyyət nazirinin müavini Murad Hüseynov və nazirliyin məsul əməkdaşları sənətkarı evində ziyarət ediblər.
Nazir müavini sənətkarı yubileyi münasibətilə təbrik edib, cansağlığı arzulayıb. Qeyd olunub ki, peşəkar təhsil almış ilk azərbaycanlı balet artisti olan Maqsud Məmmədov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi fəaliyyətə başlayıb, qısa müddət ərzində özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək baletsevərlərin dərin rəğbətini qazanıb.
Bildirilib ki, Maqsud Məmmədovun Azərbaycan balet sənətinin inkişafındakı xidmətləri daim dövlət tərəfindən yüksək qiymətləndirilib. “Xalq artisti” (1970) fəxri adına, “Şöhrət” ordeni (2019) ilə təltif olunan sənətkar 2002-ci ildən Prezident təqaüdçüsüdür.
Sonra Xalq artistinə Mədəniyyət Nazirliyinin Fəxri diplomu təqdim olunub.