Cənubi Koreya polisi teleqram platformasına qarşı seksual cinayətlərə köməklik və təşviqat ittihamı ilə araşdırma başladıb.
Axşam.az xəbər verir ki, istintaqın səbəbi qrup çatları və səkkiz teleqram botu vasitəsilə yayılan kompromat (siyasətdə, siyasətçiyə və ya digər ictimai xadimə mənfi təbliğat, şantaj etmək və ya sadiqliyin qorunması üçün istifadə olunan məlumatlar -red.) materiallarında olan saxtakarlıqlar olub. Polis bildirib ki, bu il avqustun 26-dan 29-a kimi - cəmi üç gün ərzində onlar seksual cinayətlərə dair 88 məlumat alıblar. Artıq 24 şübhəlinin kimliyi müəyyən edilib. Hazırda bu şəxslərin kimliyi açıqlanmır.
Cənubi Koreya Polisinin İstintaq Departamentinin rəhbəri Vu Çonq-sunun qeyd edib ki, teleqramın günahı araşdırma üçün lazım olan məlumatları, məsələn, hesab sahibinin təfərrüatlarını təqdim etməməsidir. ABŞ kimi digər ölkələr də şirkətə qarşı oxşar iddialarla çıxış ediblər. Almaniyada da teleqram polislə kifayət qədər əməkdaşlıq etməməkdə ittiham olunub. Platformanın yaradıcısı Pavel Durov bu yaxınlarda Fransada oxşar ittihamlarla üzləşib.
Cənubi Koreya polisi ilk dəfədir ki, teleqramı araşdırır. "Yonhap" agentliyi qeyd edib ki, belə hallarda cinayət törədənlərin əksəriyyəti yetkinlik yaşına çatmayanlar, qurbanlar isə tanıdıqları qızlar, çox vaxt da azyaşlılardır.
Qeyd edək ki, bir neçə gün əvvəl Parisin Le Burje hava limanında saxlanılan Pavel Durov 5 milyon avro girov müqabilində azadlığa buraxılıb. Ona Fransadan çıxmaq qadağan edilib. Həmçinin ondan həftədə iki dəfə polis idarəsinə gəlmək tələb olunur. İddialara görə, onu 10 ilə qədər həbs gözləyir. Fransa Pavelin qardaşı, teleqramın əsl yaradıcısı adlandırılan Nikolay Durovu da axtarışa verib.