Mərhum deputat, tanınmış ictimai xadim, professor Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş “Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı olub.
Axşam.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsi, Rəssamlar İttifaqı və “HüsnART” Müstəqil Sənət Ocağının təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin dəstəyi ilə keçirilən sərgidə, ikisi Xalq rəssamı, biri Əməkdar rəssam olmaqla, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) üzvü olan 7 tanınmış rəssamın əsərləri nümayiş olunub.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu çıxışında bildirib ki, Qənirə Paşayevadan qiymətli irs yadigar qalıb.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa qeyd edib ki, Qənirə Paşayeva həyatı boyu milli ruhu fəaliyyətində təcəssüm etdirib.
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Qənirə Paşayevadan söz açaraq, onun yaradıcılığından, incəsənət sevgisindən bəhs edib.
Xalq şairi Sabir Rüstəmxanlı, Xalq rəssamı Arif Hüseynov və bir çoxları Q.paşayeva ilə bağlı xatirələrini bölüşüblər.
Sərgidə müxtəlif janr və texnikalı 40-a yaxın rəngkarlıq tabloları və qrafik lövhələrdən ibarət rəsm əsərləri nümayiş olunur. Sərgi sentyabrın 30-dək davam edəcək və hər gün saat 10:00-dan 18:00-dək baxış üçün açıq olacaq.
Foto: İlqam Cəbiyev