Bir çox məşhur filmlərdəki rolları ilə tanınan, 2009-cu ildə “Oskar” mükafatına layiq görülmüş amerikalı aktrisa Loren Bekoll dünyasını dəyişib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 89 yaşlı aktrisa Nyu-Yorkdakı evində vəfat edib. Səsi və baxışları ilə hər zaman diqqəti özünə cəmləyən, vaxtilə modellik də etmiş Loren “Eşqin üzü” filmi ilə “Ən yaxşı ikinci dərəcəli qadın aktrisa” nominasiyasında “Oskar”a namizəd göstərilsə də, həmin mükafatı ala bilməmişdi.
Lakin daha sonra kino sahəsindəki xidmətlərinə görə “Oskar”a layiq görülmüşdü.
Bundan başqa o, iki dəfə “Qızıl qlobus” və “Toni” mükafatlarının sahibidir.
İlk dəfə aktyor Hampri Boqartla ailə quran aktrisa 1957-ci ildə onun ölümündən sonra evliliyini aktyor Ceyson Robardsla davam etdirib. “Mavi yuxu”, “Qara zolaq”, “Milyonerə necə ərə getdim”, “Yad ərazi”, “İki üzün aynası”, “Ölümlə görüş” və s. filmlərdə çəkilən L.Bekollun Sam adlı oğlu var.
Qeyd edək ki, bu, Hollivud dünyasını sarsıdan ikinci ölüm xəbəridir. Belə ki, dünən dünya şöhrətli aktyor Robin Uilyams intihar edərək həyatına son qoyub.