"Azərbaycanın səsi" finala yaxınlaşır - fotolar

"Azərbaycanın səsi" finala yaxınlaşır - fotolar
1696 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın səsi” layihəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Axşam.az-ın məlumatına görə, tədbiri verilişin aparıcısı Günay Firudinqızı açıq elan edib. O, müsabiqənin qalibi olacaq iştirakçının bu il ölkəmizi “Türkvision” mahnı yarışmasında təmsil edəcəyini deyib.

Layihənin münsifi, əməkdar artist Elza Seyidcahan isə yarışmacılara hər cür dəstək olacağını bildirib:

"Müsabiqədə çox istedadlı uşaqlar var. Hər biri özünəməxsus ifa tərzi ilə diqqət çəkir. Tələbələrimə hər zaman maddi və mənəvi dəstək olacam. Yarışmanı tərk edən uşaqlara mahnı verəcəm, duet oxuyacam. Onların istedadlarının batıb getməsinə razı ola bilmərəm".

Digər münsif, müğənni Nadir Qafarzadə isə “Türkvision”da ölkəmizi təmsil etməyə layiq ifaçıların olduğunu vurğulayıb:

“Azərbaycanın səsi” gözəl bir işə imza atıb, istedadı olan gəncləri tanıdır. Ən əsası isə ölkəmizi böyükmiqyaslı bir yarışmada təmsil edəcək şəxsi seçir. Mənim tələbələrim arasında da bu müsabiqədə Azərbaycanı təmsil etməyə layiq uşaqlar var. Finala az qalıb. Ən layiqli ifaçı qalib gəlsin”.

Qeyd edək ki, builki "Türkvision" mahnı yarışması Kazanda keçiriləcək. Ötən il Eskişəhərdə baş tutan yarışmada azərbaycanlı iştirakçı Fərid Həsənov qalib gəlmişdi.

"Azərbaycanın səsi" layihəsi isə hər həftənin cümə axşamı saat 21:00-da ATV-də yayımlanır.

Foto: Rəşad ABBASOV