İyulun 19-da futbol üzrə dünya çempionatının finalına ev sahibliyi edəcək ABŞ-nin Nyu-Cersi ştatındakı "MetLife" stadionunun qazonundan hazırlanan eksklüziv xatirəliklər FİFA tərəfindən satışa çıxarılıb.
Axşam.az xəbər verir ki, final qarşılaşmasının oynanılacağı meydançadan götürülən qazon hissələri şəffaf epoksi qətranından hazırlanmış xüsusi kubun içinə yerləşdirilib.
Suvenirin üzərində turnirin rəsmi loqosu, "MetLife" stadionunun adı və final matçının tarixi qeyd olunub. Oyun başa çatdıqdan sonra qarşılaşmanın yekun hesabı da məhsulun dizaynına əlavə ediləcək. Dəstə, həmçinin suvenirin orijinallığını təsdiqləyən sertifikatın yerləşdirildiyi USB yaddaş qurğusu daxildir.
Xatirəliyin qiyməti 450 ABŞ dolları (təxminən 765 manat) təşkil edir.
FİFA məhsulun təsvirində bildirib ki, hər bir nümunə final matçının keçirildiyi meydançanın orijinal qazon hissəsini ehtiva etdiyindən dünya futbolunun ən möhtəşəm hadisələrindən birinə həsr olunmuş unikal kolleksiya əşyası hesab edilir.
Suvenir hazırda yalnız ABŞ, Böyük Britaniya və Avropa ölkələrində yaşayan alıcılar üçün sifarişə açıqdır.