Bakıda “Mado” restoranlar şəbəkəsində uşağı üçün yemək sifariş verən valideyn xoşagəlməz halla rastlaşıb.
Axşam.az xəbər verir ki, bu barədə sosial şəbəkədəki “Müştəriyəm, şikayətim var” qrupunda paylaşım edilib. Vətəndaş bildirib ki, övladına hamburqer alıb. Uşaq sifarişin yarıdan çoxunu yeyəndən sonra yeməyin içindən qığırdağabənzər hissəcik çıxıb.
Şikayətçi hadisənin adıçəkilən restoranlar şəbəkəsinin “Gənclik Mall” filialında yaşandığını deyib:
“Ayın 8-də qızlarımla birlikdə restoranda nahar etmişik. Kiçik qızıma uşaqlar üçün nəzərdə tutulan hamburqer sifariş etmişik. İçindən çıxana baxın”.
***
“Mado” restoranlar şəbəkəsindən saytımıza bildirilib ki, sözügedən hadisə ilə bağlı müştəri müraciəti dərhal araşdırılıb:
“Məsul əməkdaşlarımız tərəfindən yerində baxış keçirilib və xidmətin keyfiyyətindəki qüsurumuza görə sifariş üzrə ödəniş qəbul edilməyib, əlavə məhsul təqdim olunmaqla üzrxahlıq bildirilib.
Hadisənin texniki səbəblərinə dair bildiririk ki, ət məhsullarının emalı zamanı damarların təsadüfən məhsula qarışmaması üçün ətçəkən avadanlığa xüsusi filtrasiya funksiyalı qurğu inteqrasiya edilib. Bununla belə, avadanlığın başlıq hissəsində toplanmış damar parçalarının minimal miqdarda məhsula qarışması istisna edilə bilməz. Nəzərə alınmalıdır ki, emal prosesi zamanı məhsul həcmi 500 kq – 1 ton aralığında olur və bu səbəbdən texniki imkanlara baxmayaraq bəzən belə hallar baş verə bilər”.
