Böyük Britaniyanın kralı Çarlz III-ün qardaşı, Endryu Mauntbatten-Vindzor ABŞ maliyyəçisi Ceffri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal fonunda rəsmi olaraq şahzadə titulundan məhrum edilib.
Axşam.az xəbər verir ki, bu barədə məlumatı rəsmi hökumət nəşri olan "The Gazette" dərc edib.
Bildirilir ki, noyabrın 3-də kral elan edib ki, “Endryu Mauntbatten-Vindzor artıq "Krallıq Aliyyəti" müraciətindən və şahzadə titulundan istifadə etmək hüququna malik deyil.
2019-cu ildə şahzadə Endryu Epşteyn işi ilə bağlı qalmaqal səbəbindən kral ailəsinin üzvü kimi rəsmi vəzifələrini yerinə yetirməkdən imtina edib. Bu, ABŞ vətəndaşı Virciniya Cufrenin ona qarşı irəli sürdüyü ittihamlardan sonra baş verib. O iddia edib ki, 17 yaşında olarkən bir neçə kişi ilə, o cümlədən Endryu ilə cinsi əlaqəyə məcbur edilib.
Şahzadə uzun illər bu ittihamları rədd edib. Lakin Cufre ABŞ-da ona qarşı iddia qaldırdıqdan sonra Endryu çəkişməni məhkəmədənkənar həll etməyə razılaşıb və qadına təxminən 12 milyon funt sterlinq həcmində kompensasiya ödəyib. 2022-ci ildə isə II Elizabetanın qərarı ilə şahzadə şərəfli hərbi rütbələrdən və bir sıra ictimai təşkilatların himayədarlıq rolundan məhrum edilib.