“Soyuq əllər, isti ürək”dəki yanğınla bağlı - Açıqlama

“Soyuq əllər, isti ürək”dəki yanğınla bağlı - Açıqlama
1944 dəfə oxunub
  • A-
  • A
  • A+

“Nargis” Fondu Fəvvarələr Meydanında təşkil etdiyi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının rəsmi açılış günündə baş verən yanğınla bağlı açıqlama yayıb.

Axşam.az xəbər verir ki, Fond hazırda hadisə ilə bağlı araşdırma aparıldığını bildirib:

"25 noyabr 2025-ci il tarixində “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasında baş vermiş yanğın hadisəsi ilə bağlı bildiririk ki, ilkin araşdırmaların nəticələrinə əsasən insident qurumuş yağ qalıqlarının qısqaqanma yaratması ilə başlayıb. Qısqaqanma nəticəsində lokal alovlanma müşahidə olunub. Hadisə yerində olan işçi vəziyyəti aradan qaldırmaq məqsədilə həmin sahəyə su tökdükdə suyun isti yağla reaksiyası nəticəsində alovlanma güclənərək açıq yanğına səbəb olmuşdur.

Təhlükəsizlik və texniki nəzarət qruplarının operativ müdaxiləsi nəticəsində yanğın 15 dəqiqə ərzində tam söndürülmüşdür. Yanğın digər pavilyonlara keçməmiş, yarmarkanın digər hissələri üçün təhlükə yaranmamışdır. Xəsarət alan yoxdur.

Hadisə zamanı yarmarkada 24/7 fəaliyyət göstərən təhlükəsizlik heyəti tərəfindən yanğısöndürmə balonlarından istifadə olunmuş, paralel şəkildə Dövlət Yanğın Mühafizəsi Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilmişdir. Ziyarətçilərin ərazidən təxliyəsi 5 dəqiqə ərzində təhlükəsiz və nəzarətli şəkildə həyata keçirilmişdir.

Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma davam edir. Araşdırma tamamlandıqdan sonra ictimaiyyətə əlavə məlumat, o cümlədən yarmarkanın iş saatları barədə ətraflı açıqlama veriləcəkdir.

Qeyd edirik ki, yarmarka ərazisində bütün obyektlər mövcud texniki normalara uyğun şəkildə qurşdırılmışdır və təhlükəsizlik üzrə texniki komanda fasiləsiz (24/7) rejimdə fəaliyyət göstərir".