Böyük Britaniyanın vəliəhdi şahzadə Uilyam və həyat yoldaşı Uels şahzadəsi Keyt Middlton məşhur “Royal Ascot” at yarışlarının əsas qonaqları arasında yer alıblar.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük iyunun 17-də Berkşir qraflığında keçirilən tədbirə ənənəvi kral fayton karvanının önündə qatılıb. Bu, Keyt üçün xüsusi əhəmiyyət daşıyıb. Belə ki, şahzadə iki ildən sonra ilk dəfə “Royal Ascot”a qatılıb.
Mərasim üçün Keyt Britaniyanın “Roksanda” brendinə məxsus, çiyin hissəsində iri asimmetrik bant detalı olan sarı midi libas seçib. Məlum olub ki, şahzadə bu geyimi daha əvvəl 2022-ci ildə Yamaykaya səfəri və həmin ilin Uimbldon turniri zamanı da geyinib.
Obrazını limon rəngli “Jane Taylor” şlyapası, “Anya Hindmarch” brendinə aid krem rəngli klatç və “Gianvito Rossi” markasının klassik ayaqqabıları ilə tamamlayan Keyt zinət əşyaları ilə də diqqət çəkib. O, Kraliça II Elizabetə məxsus brilyant sırğalar və şahzadə Diananın kolleksiyasından olan üçqat mirvari bilərzik taxıb.
Şahzadə Uilyam isə tədbirə ənənəvi qara frak, açıq-boz jilet və silindr papaqda qatılıb. Onun pencəyinə taxdığı sarı nərgiz gülü həyat yoldaşının obrazı ilə uyğunluq təşkil edib.
Qeyd edək ki, bundan əvvəl kral sarayı cütlüyün böyük oğlu şahzadə Corcun hansı təhsil müəssisəsində oxuyacağını açıqlayıb.