Bu gün mərhum Əməkdar artist Cabir İmanovun doğum günüdür.
Axşam.az xəbər verir ki, yaşasaydı aktyorun 50 yaşı olacaqdı. Prodüser Mirsalam Mirsalamov bununla bağlı paylaşım edərək, onun son bəstələdiyi musiqini yayımlayıb:
“Bu dünyadan bir Cabir keçib. Gülüşü ağlımızda, səsi qulağımızda. Üstün cəhətləri, fərqli huyları çox idi. Ən yadda qalanı isə hər kəsi bir nəfər kimi ətrafına toplamağı bacarması idi. Bir zəngi, sözü ilə hamı yanında idi. Hamının dostu, qardaşı, yaxını idi Cabir İmanov. 22 iyun 2026-cı il tarixində 50 yaşı tamam olmalı idi.
Yenə dostları bir yerə toplayacaqdı, deyib-gülüb səhərə kimi hamıya gülüş və həyəcan bağışlayacaqdı. Amma bu dəfə Cabirin ad günü başqa cür olacaq. Əfsus ki, Cabirsiz olacaq bu gün. Ancaq Cabirin ad günü həmişə olacaq. Cabir həmişə olub, var və həmişə olacaq. Ruhun şad olsun. Yarım qalan, amma bitməyən ömür yolunda səni sevənlər daim xatirəni əziz tutacaqlar. Biz səni sevirik, İmanov”.
Qeyd edək ki, C.İmanov ötən il ürəktutmasından vəfat edib.