Belçikanın Jenap şəhərində yerləşən “Napoleonun Son Qərargahı” muzeyi dekabrın 17-də qarət olunub.
Axşam.az xəbər verir ki, bu barədə "RTBF" telekanalı məlumat yayıb.
Belə ki, iki nəfər naməlum şəxs muzey binasına pəncərədən daxil olub. Onlar içəridə bir neçə vitrini sındıraraq bir sıra qiymətli eksponatları oğurlayıblar. Oğurlananlar arasında Napoleona məxsus beş brilyantla bəzədilmiş 18 karatlıq qızıl üzük də var. Məlumata görə, bu üzük imperatorun 1815-ci il 18 iyun tarixində Vaterloo döyüşündəki məğlubiyyətindən sonra tapılıb.
Bundan əlavə, Napoleonun hakimiyyəti dövrünə aid qızıl və gümüş sikkələr də oğurlanan əşyalar sırasındadır.
Oğurlanmış eksponatların bazar dəyəri açıqlanmayıb.
Qarət faktı ilə bağlı polisə müraciət edilib. Valon Brabantı prokurorluğu hadisə üzrə istintaqa başlayıb.