Luvr və Versal Sarayında 10 ildir saxta bilet satılıb

Luvr və Versal Sarayında 10 ildir saxta bilet satılıb
748 dəfə oxunub
  • A-
  • A
  • A+

Fransada Luvr və Versal Sarayı ilə bağlı böyük dələduzluq faktı üzrə 9 nəfər saxlanılıb.

Axşam.az xəbər verir ki, "Le Parisien" qəzetinin məlumatına görə, onların arasında Luvrun iki əməkdaşı və bir neçə bələdçi də var.

Prokurorluqdan bildirilib ki, saxlanılan şəxslər saxta biletlərin satışı və turların normadan artıq bron edilməsi ilə məşğul olublar.

Hüquq-mühafizə orqanları əməliyyat zamanı şübhəlilərdən 957 min avro nağd pul götürüblər. Onların bank hesablarında isə əlavə olaraq 486 min avro aşkar edilib. Bundan başqa, üç avtomobil və bir neçə bank seyfi də müsadirə olunub.

Bilet fırıldağı Luvrda aparılan maliyyə yoxlaması zamanı üzə çıxıb. Araşdırma muzey əməkdaşlarının şikayətindən sonra başlayıb. Onlar muzeydə tez-tez kassadan yan keçərək çinli turist qruplarını içəri gətirən iki çinli bələdçinin fəaliyyətindən şübhələndiklərini bildiriblər.

Əməkdaşların sözlərinə görə, bələdçilər eyni biletlərdən müxtəlif şəxslər üçün istifadə ediblər. Sonradan digər bələdçilərin də oxşar qanunsuz əməllərdə iştirak etdiyi ehtimal olunub. Telefon danışıqlarının dinlənilməsi şübhələri təsdiqləyib.

Prokurorların qənaətinə görə, qanunsuz fəaliyyət nəticəsində Luvra 10 milyon avrodan çox ziyan dəyə bilər. Bildirilir ki, cinayət şəbəkəsi təxminən on il fəaliyyət göstərib.