Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.
Axşam.az-ın məlumatına görə, Novruz yazın gəlişinin simvolu olan qədim xalq bayramıdır, mənası “Yeni gün”dür.
Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.
Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan türkləri də baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
Novruz və Ramazan bayramları ilə əlaqədar 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günü olacaq.